XƏBƏRLƏR / Hərbi

Kəlbəcərdə hərbi yük avtomobili minaya düşüb YENİLƏNİB

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib

Kəlbəcərdə hərbi yük avtomobili minaya düşüb YENİLƏNİB
  • Oxuma müddəti:

    3 dəqiqə

  • 17:16

    Ötən gün Kəlbəcər rayonu ərazisində Azərbaycan Ordusunun beş hərbi qulluqçusu mina partlayışı nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

    Bu barədə Ombudsman məlumat yayıb.

    Məlumatda bildirilib ki, Azərbaycan ərazisində kütləvi şəkildə basdırılmış və bu günədək dəqiq xəritələri təqdim olunmamış minalar hər gün günahsız insanların həyata və sağlamlıqlarına böyük təhdid olaraq qalmaqdadır:

    "Basdırılmış minalar, həmçinin keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışına, bu ərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərinə maneə yaradır, ətraf mühitə ciddi ziyan vurmaqla bölgədə ekoloji tarazlığın pozulmasına da səbəb olur. İşğaldan azad edilmiş ərazilərimizdə basdırılmış minaların dəqiq xəritələri barədə məlumatların təqdim olunması ilə bağlı tərəfimizdən dəfələrlə beynəlxalq təşkilatlara ünvanlanan müraciətlərin qəbul edilməsinə baxmayaraq, Ermənistan tərəfi beynəlxalq humanitar hüquq normalarının tələblərini pozaraq bu məlumatları təqdim etməkdən boyun qaçırır".

    Ombudsman bir daha müvafiq beynəlxalq təşkilatları dəqiq mina xəritələrinin Azərbaycana təhvil verilməsi istiqamətində Ermənistana ciddi təsir göstərməyə və törədilən hərbi və ekoloji cinayətlərə, o cümlədən humanitar hüquq pozuntularına kəskin reaksiya verməyə çağırıb.

    ***

    11:25

    Kəlbəcərdə hərbi qulluqçuların minaya düşməsi ilə bağlı cinayət işi açılıb.

    Bu barədə Baş Prokurorluqdan məlumat verilib.

    Bildirilib ki, 5 hərbi qulluqçunun mina partlayışı nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları faktı üzrə Kəlbəcər hərbi prokurorluğunda araşdırma aparılır.

    ***

    11:03

    Kəlbəcər rayonu ərazisində avqustun 5-i saat 19:05 radələrində təminat tapşırığı yerinə yetirərkən hərbi yük avtomobili Ermənistan silahlı qüvvələrinin basdırdığı minaya düşüb.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, baş vermiş partlayış nəticəsində xəsarət alan Azərbaycan Ordusunun dörd nəfər hərbi qulluqçusu yaxınlıqdakı tibb müəssisəsinə təxliyə edilib. Onların həyatları üçün təhlükə yoxdur.

    Faktla bağlı araşdırma aparılır.

    ***

    09:34

    Ötən gün Kəlbəcərin Vəng kəndi ərazisində mina partlayıb.

    Hadisə nəticəsində 5 nəfər xəsarət alıb.

    Hadisə zamanı "Ural"markalı avtomobil tank əleyhinə minaya düşüb. Bu zaman avtomobildə olanlar - 29 yaşlı  N.Nuruyev, 29 yaşlı  M.Qarayev, 42 yaşlı R.İsmayılov, 38 yaşlı E.Əhmədov xəsarət alıblar. Onlar yaxınlıqdakı hərbi hospitala yerləşdiriliblər.

    Yaralılara dərhal yardım edilib. Hazırda vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

    Hazırda hadisə yerinə adiyyatı qurumların əməkdaşları cəlb edilib.

    Qeyd edək ki, minaya düşən "Ural" markalı avtomobil Azərbaycan Ordusuna məxsusdur. Xəsarət alanların hamısı hərbçidirlər.

    Faktla bağlı araşdırma aparılır.