Kərkicahan qəsəbəsinə ilk köç karvanı yola salınıb
Bu mərhələdə Kərkicahan qəsəbəsinə 30 ailə (115 nəfər) köçüb
15:10
Dekabrın 20-də Xankəndinin Kərkicahan qəsəbəsinə ilk köç olub. Uzun illər məcburi köçkün həyatı yaşayan Kərkicahan sakinləri bu gün doğma yurdlarına qayıdıblar.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, ilkin mərhələdə 117 nəfərdən ibarət 30 ailə Kərkicahana köçürülüb. Bir vaxtlar zorla tərk edilən evlərin qapıları, bu gün yenidən doğma insanların üzünə açılıb. Uzun illərin həsrətindən sonra Xankəndi şəhərinin Kərkicahan qəsəbəsi öz sakinlərini qarşılayıb.
Doğma yurda qayıdan Kərkicahan sakinlərinə açarların təqdim edilməsi mərasimi Azərbaycanın Dövlət Himninin səslənməsi ilə başlayıb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Xankəndi şəhəri Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbin şagirdləri “Xarıbülbül” rəqsini, “Qarabağdan Turana”, “Millətim”, “ Zəfər sədası” mahnıları ifa edib, “Tarix yazan sərkərdə” şerini səsləndiriblər.
Rəsmi hissədə isə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov çıxış edib. Yeni mənzillərin açarlarını sakinlərə təqdim edən E.Yusubov bu əlamətdar tarix münasibətilə onları təbrik edib, doğma torpaqda firavan günlər yaşamalarını arzulayıb. Bildirib ki, uzun illərdən sonra Kərkicahana həyat yenidən qayıdır və bu qayıdış təkcə köç deyil, yarımçıq qalan həyatın davamı, 34 illik köçkünlüyün sonu, yeni mərhələnin başlanğıcıdır. E.Yusubov onu da qeyd edib ki, sakinlərin öz doğma yurdunda rahat yaşamaları üçün hər cür şərait yaradılıb. Yaşayış evləri və zəruri infrastruktur bərpa olunub.
Sakinlər də sevinclərini bölüşüb, bu xoşbəxt günü onlara yaşadanlara təşəkkür ediblər.
ANAMA mütəxəssisləri sakinlərlə maarifləndirici söhbətlər aparıb, şübhəli əşyalar gördükdə uzaq durmalarını tövsiyə ediblər.
Xatırladaq ki, Xankəndi şəhərinin Kərkicahan qəsəbəsi azərbaycanlıların kompakt yaşadığı yaşayış məntəqələrindən biri olub. Qəsəbədə ilk məskunlaşma XVIII–XIX əsrlərdə Qarabağ xanlığı dövründə formalaşıb. Sovet dövründə (1923-cü ildən sonra) Xankəndi vilayət mərkəzinə çevrildikdən sonra Kərkicahan azərbaycanlıların kompakt yaşadığı qəsəbə kimi tanınıb. 28 dekabr 1991-ci ildə Kərkicahan qəsəbəsi Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 19–20 sentyabr 2023-cü ildə həyata keçirilən lokal antiterror tədbirlərindən sonra Kərkicahan qəsəbəsi Azərbaycan Ordusunun nəzarətinə keçib.
***
12:25
Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə dekabrın 20-də ilk köç karvanı yola salınıb.

Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Qeyd edək ki, bu mərhələdə Kərkicahan qəsəbəsinə 30 ailə (115 nəfər) köçür.
Erməni işğalından azad edilmiş ərazilərə qayıdanların ümumi sayı:
Laçın rayonu
Laçın - 2245 nəfər (607 ailə)
Bəylik - 316 nəfər (79 ailə)
Zabux - 823 nəfər (217 ailə)
Sus - 215 nəfər (59 ailə)
Füzuli rayonu
Füzuli - 3136 nəfər (823 ailə)
Zəngilan rayonu
Ağalı - 981 nəfər (216 ailə)
Məmmədbəyli - 464 nəfər (93 ailə)
Ağdərə rayonu
Suqovuşan - 591 nəfər (180 ailə)
Talış - 90 nəfər (20 ailə)
Həsənriz - 931 nəfər (244 ailə)
Kolatağ - 89 nəfər (26 ailə)
Vəngli - 470 nəfər (119 ailə)
Şuşa rayonu
Şuşa - 1396 nəfər (371 ailə)
Xocalı rayonu
Xocalı - 482 nəfər (111 ailə)
Ballıça - 1034 nəfər (232 ailə)
Təzəbinə - 605 nəfər (138 ailə)
Xanyurdu - 371 nəfər (108 ailə)
Şuşakənd - 335 nəfər (90 ailə)
Badara - 134 nəfər (43 ailə)
Seyidbəyli - 169 nəfər (48 ailə)
Daşbulaq - 98 nəfər (22 ailə)
Cəbrayıl rayonu
Cəbrayıl 2866 nəfər (659 ailə)
Horovlu - 692 nəfər (172 ailə)
Ağdam rayonu
Sarıcalı - 771 nəfər (185 ailə)
Kəngərli - 1129 nəfər (269 ailə)
Xıdırlı - 2193 nəfər (559 ailə)
Xocavənd rayonu
Hadrut - 131 nəfər (33 ailə)
Qırmızı Bazar - 344 nəfər (85 ailə)
Sos - 261 nəfər (61 ailə)
Kəlbəcər rayonu
Kəlbəcər - 449 nəfər (108 ailə)
Kərkicahan - 117 nəfər (30 nəfər)
Cəmi: 23 928 nəfər
Qeyd edək ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, həmçinin təhsil alan tələbələr də daxil olmaqla, ümumilikdə, 64 mindən çox insan yaşayır.
5 dəqiqə