Kür çayının daşması ilə bağlı məlumatlara aydınlıq gətirilib
Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) məlumat yayıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatlarına əsasən, gursululuq dövründə (aprel, may, iyun ayları) su ehtiyatlarının ötən illərlə müqayisədə daha çox olacağı gözlənilir. Bu nəzərə alınaraq, Mingəçevir və Şəmkir su anbarlarında ehtiyat su həcmlərinin saxlanılması məqsədilə Mingəçevir su anbarından Kür çayının aşağı axınına saniyədə 700 kubmetr həcmində su buraxılışı həyata keçirilir. Buraxılan suyun maneəsiz və təhlükəsiz şəkildə Xəzər dənizinə ötürülməsi üçün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində fəaliyyət göstərən Regional Su Meliorasiya Xidməti tərəfindən müvafiq qabaqlayıcı tədbirlər görülür.
Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) məlumat yayıb.
Həmçinin Kür çayının Zərdab rayonunun Şıxbağı, Mehdilər və Əlibəyli kəndlərinin ərazisindən keçən hissələrində bir neçə evi və əkin sahələrini su basması ilə bağlı yayılan xəbərlərə də münasibət bildirilib. “Zərdab rayonunun qeyd olunan kəndlərində müşahidə edilən su basma halları əsasən çayın mühafizə zonasında inşa edilmiş fərdi yaşayış evlərinin həyətyanı sahələrini əhatə edib. Bu hal son günlərdə intensiv yağıntılar nəticəsində Kür çayına tökülən Türyançay, Girdmançay, Qarqarçay və digər çaylarda suyun səviyyəsinin artması ilə əlaqədardır. Hazırda bir sıra ərazilərdə Kür çayında suyun səviyyəsində azalma müşahidə olunur. Xidmətin rəhbərliyi ərazilərdədir, yerli istismar idarələri tərəfindən mütəmadi monitorinqlər aparılır və vəziyyət tam nəzarət altındadır”, - deyə məlumatda qeyd olunub.
2 dəqiqə