Kursantların bir günü
AZƏRTAC DSX-nin Akademiyasından VİDEOREPORTAJ hazırlayıb
Vətən sərhəddən başlayır. Vətən torpağının hüdudları keşiyində ayıq-sayıq dayanan sərhədçilər Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasında gələcəyin peşəkar, savadlı zabitləri kimi yetişirlər.
Prezident İlham Əliyevin 2007-ci il 12 iyun tarixli Sərəncamı ilə yaradılan Akademiya 2010-cu ildən fəaliyyət göstərir. Burada bakalavriat, magistratura və adyunktura (doktoranturaya bərabər tutulan yüksəkixtisaslı elmi-pedaqoji kadrların hazırlanması) təhsil pillələrində kadrlar hazırlanır.
2008-ci il noyabrın 27-də Akademiyanın yeni səhra təlim-tədris mərkəzi istifadəyə verilib. Mərkəzdə kursantların nəzəri hərbi biliklərinin təcrübədə işlənilməsi, zəruri döyüş və əməliyyat-taktiki vərdişlərinə yiyələnməsi üçün hər bir şərait yaradılıb.
2009-cu il Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 90 illik yubileyi kimi əlamətdar olub. Sərhədçilər bu əlamətdar ili xidmətdə qazanılmış uğurlarla, yüksək inkişaf dinamikası ilə qarşılayıb və ölkəmizin sərhəd mühafizəsi tarixində xüsusi izlər qoyub.
Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsindəki oğlanlar üçün açıq tipli xüsusi məktəb Heydər Əliyev Fondu tərəfindən tam təmir edilərək zəruri tədris bazası ilə komplektləşdirildikdən sonra ona Dövlət Sərhəd Xidmətinin xüsusi məktəbi statusunun verilməsi, onun tərkibində dəniz və aviasiya kafedralarının fəaliyyətə başlaması, ilk dəfə həmin ixtisaslar üzrə qəbulun keçirilməsi 2011-ci ildə sərhəd mühafizəsi tarixinin parlaq səhifələrindəndir.
Qeyd etmək yerinə düşər ki, Akademiyanın kursantları müxtəlif idman yarışlarında, elmi, bilik müsabiqələrində yüksək nailiyyətlər əldə ediblər.
DSX-nin Akademiyasından hazırladığı məxsusi reportajı təqdim edir:
Vətən sərhəddən başlayır
DSX-nin Akademiyasının rəisi general-mayor Azər İbrahimov hərbi təhsil müəssisəsinin fəaliyyətindən söhbət açaraq bildirib ki, Akademiyada təhsil kredit qaydasında Bolonya sisteminə uyğun həyata keçirilir. Akademiyada təhsilin üstünlüyü ondan ibarətdir ki, burada müəllimlərin əksəriyyəti DSX-nin hərbi qulluqçularıdır. Onların arasında təqaüdə çıxan zabitlər, peşəkar professor-müəllim heyəti var və təcrübələrini gələcək zabitlərlə, kursantlarla bölüşürlər. “Biz ilk növbədə mərd, cəsarətli, vətənpərvər zabitlər yetişdiririk. Çünki Vətən sərhəddən başlayır və sərhəddə xidmət edən hər bir zabit bütün bu xüsusiyyətlərə malik olmalıdır. Akademiya yaranan gündən bizim təxminən 2 minə yaxın məzunumuz olub. Onlardan 23-ü qırmızı diploma layiq görülüb. Bu ilin buraxılış mərasimində isə dörd kursanta qırmızı diplom təqdim edilib”, - deyə Akademiyanın rəisi qeyd edib.
DSX-nin mənsubu, magistr tələbəsi polkovnik-leytenant Şahin Hüseynquliyev hərb sənətinə olan sevgisindən danışıb: “Bu sənətə olan marağım 2006-cı ildə Heydər Əliyev adına hərbi liseyə daxil olmağıma səbəb oldu. 2009-cu ildə həmin liseyi qırmızı attestatla bitirdim və elə həmin ildə DSX-nin Akademiyasının birinci kurs bakalavr pilləsinə qəbul oldum. 2013-cü ildə Akademiyanın bakalavr pilləsini qırmızı diplomla bitirərək “N” saylı hərbi hissədə xidmətimi davam etdirmək üçün təyinat aldım. Vətən müharibəsi başladığı 2020-ci il sentyabrın 27-dən öz heyətimlə birlikdə DSX-nin sıralarında Daşkəsən, Cəbrayıl, Füzuli istiqamətində əməliyyatlara cəlb olundum. Füzuli, Cəbrayıl, Xocavənd, Şuşa uğrunda gedən döyüşlərdə iştirak etdim. 2022-ci ildən Akademiyada magistratura pilləsində təhsil alıram”.
Bu Akademiya dövlət sərhədlərimizin etibarlı, dayanıqlı mühafizə olunması üçün Ulu Öndər Heydər Əliyevin ideyalarına sadiq sərhədçi zabitlərin formalaşmasında əsas ali hərbi təhsil ocağıdır. Akademiyada təhsilin yüksək səviyyədə aparılması, kursantların elmi, nəzəri və praktiki vərdişlərə yiyələnməsi üçün güclü elmi tədris bazası yaradılıb, sinif və tədris otaqları lazımi avadanlıqlarla təchiz olunub. Bununla yanaşı, kursantların fiziki hazırlığının möhkəmləndirilməsi üçün həm açıq, həm də qapalı şəraitdə trenajor və idman zalları mövcuddur.
Kursant Xalid Hacıyev bildirib ki, 2014-cü ildə Heydər Əliyev Fondu nəzdində fəaliyyət göstərən DSX-nin xüsusi məktəbinə daxil olub. Yeddi illik orta təhsil müddətini bitirdikdən sonra - 2021-ci ildən DSX-nin Akademiyasında təhsilini davam etdirib. Kursantların hərbi bilikləri yüksək səviyyədə mənimsəmələri, bacarıqlı, sağlam, peşəkar sərhədçi zabit olmaları üçün Akademiyada hər cür şərait yaradılıb. Peşəkar kadrlar hazırlanan Akademiyada hərbi və dil bilikləri ilə yanaşı, etika-estetika dərsləri də tədris olunur ki, bu da gələcəyin zabitlərini savadlı hərbçi kimi yetişməsində xüsusi rol oynayır. İdman sağlamlıqdır. Akademiyada bu yöndə fəaliyyət göstərən idman zalında da kursantlar güləş, boks və digər idman növləri ilə məşğul olurlar.
Akademiyanın kursantları müxtəlif idman yarışlarında, elmi, bilik müsabiqələrində iştirak edərək onun adını layiqincə təmsil edir və yüksək nailiyyətlər qazanırlar. “Belə ki, 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiqlənmiş Heydər Əliyev təqaüdünün kursantlara, daha doğrusu, ölkənin müxtəlif ali təhsil ocaqlarından seçilmiş 100 tələbəyə verilməsi mərasimində Akademiya iki kursantla təmsil olunub. Mənim üçün çox qürurverici haldır ki, həmin kursantlardan biri də mənəm”, - deyə Xalid Hacıyev vurğulayıb.
Heydər Əliyevin 100 illiyi ilə bağlı təqaüdə layiq görülən DSX-nın Akademiyasının digər kursantı Oqtay Rəfizadə qeyd edib ki, 2013-cü ildə DSX-nin xüsusi məktəbinə daxil olub. “Yeddi illik təhsili başa vurduqdan sonra 2020-ci ildə Akademiyada təhsilimə başlamışam. Kursantların burada yüksək səviyyədə təhsil alması və peşəkar zabit kimi formalaşması üçün lazımi şərait yaradılıb. Hazırda dördüncü kursda təhsil alıram. Mayda zabit sıralarına daxil olacağam və buna görə də çox qürur duyuram”.
Hazırda DSX-nin Akademiyasında xarici ölkə vətəndaşları olan kursantlar da təhsil alır
DSX-nin Akademiyasında altı ildir ki, xarici kursantlar da təhsil alır. Bu tələbələrə ilk növbədə ana dilimiz - Azərbaycan dili tədris olunur.
Akademiyanın rəisi general-mayor Azər İbrahimov bununla bağlı bildirib ki, dövlətlərarası sazişə əsasən hazırda Akademiyada Tacikistan vətəndaşları olan kursantlar da təhsil alırlar. Onlardan 6-sı 2023-cü ilin buraxılış mərasimində leytenant rütbəsi alıb və xidmətlərini Tacikistanda davam etdirirlər. Ümumiyyətlə, hazırda 18 əcnəbi vətəndaş burada təhsilini davam etdirir.
Tacikistan vətəndaşı, kursant Hakimsah Miraliev 2019-cu ildən Azərbaycanın DSX Akademiyasında təhsil aldığını söyləyib. “Buranın müəllimləri bizə çox yüksək səviyyədə dərs keçirlər. Onlara minnətdarlığımı bildirirəm. Biz əslində DSX-nin Akademiyasında beş il təhsil alırıq. Birinci il sırf Azərbaycan dili tədris olunur. İndi dördüncü kursda təhsil alıram. Qiymətlərim də çox yaxşıdır”.
Sonda onu da bildirək ki, sərhədçi olmaq arzusunda olan gənclər isə 2024-cü il aprelin 30-dək lazımi sənədlərini Akademiyaya təqdim edə bilərlər.