Laçın-Xankəndi yolundakı aksiyanın 131-ci günüdür
Aksiya iştirakçılarının tələbləri və şüarları dəyişməz olaraq qalır: onlar ekoloji terrorun dayandırılmasını tələb edirlər
Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı könüllü gənclər və ekofəalların Laçın-Xankəndi yolunda dinc etiraz aksiyası 131 gündür davam edir.
Aksiya iştirakçıları ötən gecə boyu da yüksək fəallıq nümayiş etdirib, səhər saatlarında Azərbaycanın Dövlət Himnini səsləndiriblər.
Aksiya iştirakçılarının tələbləri və şüarları dəyişməz olaraq qalır. Onlar ekoloji terrorun dayandırılması ilə bağlı Azərbaycan, rus və ingilis dillərində mütəmadi olaraq plakatlar qaldırır, “Azərbaycan milləti qoruyacaq sərvəti!”, “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekocinayətə son!” kimi şüarlar səsləndirirlər.
Həmişəki kimi, ekoaksiyanın keçirildiyi ərazi humanitar məqsədlərlə istifadə olunan avtomobillərin keçidi üçün tam açıqdır. Yolda nəqliyyatın sərbəst hərəkətinə heç bir maneə yoxdur.
Xatırladaq ki, ötən il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq Azərbaycanın İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb. Buna etiraz olaraq, azərbaycanlı ekofəallar Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda dekabrın 12-dən dinc aksiyaya başlayıblar.