Lənkəranda soyğunçuluq edən qadın saxlanılıb
Bu barədə DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib
Lənkəranda soyğunçuluq edən qadın saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran rayonunun Velədi kəndində yerləşən evlərdən birindən qızıl-zinət əşyalarının oğurlanması ilə bağlı polisə məlumat daxil olub.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin əməli törətməkdə şübhəli bilinən Lerik rayon sakini, əvvəllər məhkum olunmuş Bağdagül Səmədova saxlanılıb. Məlum olub ki, yaşayış evinə oğurluq məqsədilə daxil olan həmin şəxs ev sahibinin azyaşlı övladının orada olduğunu görsə də, əməlini davam etdirib və tapdığı pul, qızıl-zinət əşyalarını götürərək uzaqlaşıb. Məlumat daxil olduqdan dərhal sonra Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat tədbirləri ilə
B.Səmədova rayon ərazisində saxlanılıb, soyğunçuluq yolu ilə ələ keçirdiyi qızıl-zinət əşyaları ondan aşkarlanaraq maddi sübut kimi götürülüb. Həmin şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı araşdırma aparılır. B.Səmədovanın analoji cinayət əməllərindən zərər çəkən başqa şəxslər varsa aidiyyatı üzrə polis orqanına məlumat vermələri xahiş olunur.