XƏBƏRLƏR / İctimaiyyət

Litvadakı icmamız BMT-yə müraciət etdi

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib

Litvadakı icmamız BMT-yə müraciət etdi
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Litvada fəaliyyət göstərən “Günəş” Azərbaycanlılar Assosiasiyası ölkəmizin sülh səylərinin dərk edilməsi və dəstəklənməsi ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib.

    Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

    Bildirilib ki, Assosiasiya adından Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrədəki mənzil-qərargahına ünvanlanan bəyanatda bildirilib ki, Azərbaycan əsilli litvalılar Ermənistanda mövcud olan revanşist əhval-ruhiyyəli qüvvələrin və erməni diasporunun yolverilməz əməlləri nəticəsində Cənubi Qafqaz regionunda yaranmış mövcud vəziyyətdən dərin narahatlıq hissi keçirirlər.

    Bəyanatda 30 il ərzində Ermənistanın işğalçı siyasəti nəticəsində Azərbaycanın Qarabağ bölgəsinin xarabalığa çevrildiyi və 2020-ci ildə baş vermiş müharibədən sonra qalmış aktual problemlərin həll olunmadığı diqqətə çatdırılıb.

    Ermənistan silahlı qüvvələri tərəfindən basdırılmış minaların partlaması nəticəsində indiyədək 300-dən çox günahsız Azərbaycan mülki vətəndaşının və hərbi qulluqçusunun həlak olması və yaralanması, Ermənistan tərəfinin dəqiq mina xəritələrini Bakıya verməməsinin kobud qanun pozuntusu olması, regional əməkdaşlığa sadiqliyini qonşu Gürcüstanın timsalında sübut edən Azərbaycanın beynəlxalq hüquqa uyğun olaraq öz ərazilərində, o cümlədən nəqliyyat-kommunikasiya yolları üzərində suverenliyini qorumağa çalışması, Xankəndi-Laçın yolunun açıq olması kimi faktlar bir daha yada salınıb.

    “Günəş” Azərbaycanlılar Assosiasiyası bu kritik və önəmli mərhələdə beynəlxalq təşkilatları erməni uydurmalarına inanmamağa, Azərbaycanın sülhsevər mövqeyini əməli şəkildə dəstəkləməyə və tərəflər arasında konstruktiv dialoqun təşviqinə yardım göstərməyə çağırıb.