BLOQ

Makron Paşinyana Azərbaycandan yan keçməyə kömək edə bilməz

Sülh müqaviləsinin imzalanması və kommunikasiyaların açılması üçün Bakı ilə razılaşmalar tələb olunur

Makron Paşinyana Azərbaycandan yan keçməyə kömək edə bilməz
  • Oxuma müddəti:

    6 dəqiqə

  • Artıq bir müddətdir Ermənistanın Baş naziri Nikol Paşinyan sülhə həsr olunmuş tədbirlərin tez-tez iştirakçısına çevrilib. Beləliklə, bu dəfə o, Paris Sülh Forumuna getdi, eyni zamanda daha çox dəstək axtarmaq üçün dostu Emmanuel Makronla örüşdü. Parisdə sülhdən danışmaq, əlbəttə ki, onun Cənubi Qafqazda nəhayət möhkəmlənməsi üçün zəruri qərarlar qəbul etməkdən daha asandır, lakin Paşinyanı Parisdə bu maraqlandırmırdı.

    Ermənistan lideri Makronla görüşdə birgə infrastruktur layihələri, viza rejiminin liberallaşdırılması, Avropa islahatları və regiondakı vəziyyəti müzakirə edib. Qeyd edək ki, danışıqlar Fransa və Ermənistanın strateji tərəfdaşlıq elan etdiyi may razılaşmalarını davam etdirib.

    Söz yox ki, Makron üçün erməni istiqaməti ikitərəfli münasibətlər çərçivəsindən çox kənara çıxır. İrəvanın dəstəyi ilə Fransa Cənubi Qafqazda mövqelərini möhkəmləndirməyə ümid edir. Sərhədlərin açılması, yolların çəkilməsi və yeni marşrutların yaranması həm iqtisadi mövcudluq, həm də siyasi təsir imkanları yaradır.

    Paşinyan da öz növbəsində Parisin maraqlarını Avropa istiqamətində özü və hökuməti üçün konkret üstünlüklərə çevirməyə çalışır. Eyni zamanda, Paşinyan iki stulda oturmağa cəhd etməkdə davam edir. Parisə səfərindən bir neçə gün əvvəl o, Aİ-yə ərizə vermək üçün mümkün son tarix kimi 2027 və ya 2028-ci illəri qeyd edib və Avropa İttifaqı ilə Avrasiya İqtisadi Birliyi (AİB) üzvlüyünün uyğunsuzluğunu etiraf edib. Lakin artıq noyabrın 5-də o, AİB-i tərk etməyə hazırlaşmadığına əmin etdi. Avropalı auditoriya qarşısında baş nazir Aİ-yə daxil olmaq əzmini nümayiş etdirir, lakin iqtisadi nəticələrə gəlincə, geri çəkilməyə tələsir. O, artıq Avropa perspektivlərini siyasi sərvət hesab edir, lakin AİB-in üstünlüklərini itirməklə bu seçimin əvəzini ödəməyə hələ hazır deyil.

    Amma buna baxmayaraq, Brüssel artıq Ermənistana ticarət imtiyazları verir, onun Avropa ilə yaxınlaşmasını dəstəkləməyə ümid edir. Oktyabrın 10-dan Aİ Şurasının məlumatına görə, Ermənistanın Avropa İttifaqına ixracının təxminən 80%-ni əhatə edən iki il müddətinə ticarət güzəştləri tətbiq edilib. Qərar Rusiyanın bir sıra erməni mallarının tədarükü və tranzitinə təsir edən məhdudiyyətlərinə cavab olaraq qəbul edilib. Paşinyan üçün bu, Avropa ilə yaxınlaşmanın lehinə əlverişli arqumentdir və ölkə AİB-də qalmağa davam etdikcə bundan istifadə etmək olar.

    Lakin rüsumların ləğvi ixracın artmasına zəmanət vermir. Ermənistan mallarının Avropaya çatdırılması baha başa gəlir, nəqliyyat imkanları məhduddur və məhsullar Aİ tələblərinə cavab verməlidir. İstehsalçıların özləri də alıcı tapmalı olacaqlar. Ona görə də Paşinyan üçün Avropa kursunun uğurunun sübutu kimi ticarət faydalarını təqdim etmək hələ tezdir.

    Vizaların ləğvi ilə bağlı hələlik heç bir aydınlıq yoxdur. Ermənistan 1 noyabrda yeni biometrik sənədlərin verilməsinə başlayıb və Avropa Komissarı Marta Kos bunu vizasız səyahətə doğru bir addım adlandırıb. Lakin bu, Aİ-nin tələblərindən yalnız biridir. Makronla görüşdən sonra Ermənistan vətəndaşlarının Aİ-yə vizasız səyahət edə biləcəkləri barədə dəqiq məlumat verilməyib.

    Fransa infrastruktur layihələri ilə bağlı vəziyyət də qeyri-müəyyəndir. May ayında Ermənistan Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi Vinci və Razel-Bec ilə Sisian-Kajaran magistral yolunda Bərgüşad tunelinin tikintisi ilə bağlı memorandum imzalayıb. Maliyyələşdirmə və sonrakı işlər üzrə danışıqlar payızda davam edib. Lakin Parisdə tikinti müqaviləsinin imzalanması ilə bağlı heç bir xəbər açıqlanmayıb.

    Bu arada, Aİ ilə əməkdaşlıq artıq Ermənistan dövlət qurumlarının işinə təsir göstərir. Paris Forumunda Paşinyan canlı yayımlar vasitəsilə dezinformasiya ilə necə mübarizə apardığını təsvir edib və hibrid təhdidlərə qarşı mübarizədə Avropanın köməyini vurğulayıb. İyul ayından bəri Ermənistanda Aİ-nin məsləhət missiyası fəaliyyət göstərir və dövlət qurumlarına kiberhücumlar, informasiya manipulyasiyası və qanunsuz maliyyə axınları ilə mübarizədə kömək edir. Moskva ilə fikir ayrılıqları fonunda bu, İrəvanı təhlükəsizlik məsələlərində Brüsselə yaxınlaşdırıb.

    Lakin regionun ən vacib məsələləri hələ də qonşuları ilə həll olunmalıdır. Nə ticarət üstünlükləri, nə vizasız rejim vədləri, nə də Makronun dəstəyi Azərbaycanla razılaşmaları əvəz etməyəcək. Paşinyan avropalılarla TRIPP-in faydaları barədə danışa bilər, lakin marşrutun şərtləri Bakı ilə razılaşdırılmalıdır.

    Eyni şey sülh müqaviləsinə də aiddir. Azərbaycan Ermənistan konstitusiyasından mahiyyət etibarilə ərazi iddialarını təşkil edən müddəaların çıxarılmasını tələb edir. İrəvanın konkret qərarları Paşinyanın bəyan etdiyi niyyətləri yerinə yetirmək istəyini nümayiş etdirəcək. Sülh forumlarında iştirak bu məsələni həll etmir.

    Makron həmçinin Azərbaycan və Türkiyənin maraqlarını nəzərə almalı olacaq. Paris regional layihələrdə iştirak etmək istəyirsə, təkcə Ermənistanı dəstəkləmək kifayət deyil. Ankara İrəvanla münasibətlərin tam normallaşmasını Ermənistan və Azərbaycan arasında razılaşma ilə əlaqələndirməyə davam edir.

    Beləliklə, Paşinyan Parisdə əlavə dəstək təminatı aldı və Makron Cənubi Qafqaza olan marağını təkrarladı. Lakin görüşdən sonra həll olunmamış məsələlər qaldı. Sülh müqaviləsinin imzalanması və kommunikasiyaların açılması üçün Bakı ilə razılaşmalar tələb olunur. Və Fransa Prezidenti, şübhəsiz ki, Ermənistan Baş nazirinin yerinə bunları təmin edə bilməyəcək.