XƏBƏRLƏR / Diplomatiya

Maqdalena Qrono: Azərbaycan Aİ-nın vacib tərəfdaşıdır

Bunu İlham Əliyevin qəbulu zamanı Avropa İttifaqının Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndəsi deyib YENİLƏNİB

Maqdalena Qrono: Azərbaycan Aİ-nın vacib tərəfdaşıdır
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 8-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononu qəbul edib.

    Maqdalena Qrono yeni vəzifədə dövlətimizin başçısı tərəfindən qəbul olunmasına görə minnətdarlığını ifadə edib.

    O, təyyarə qəzası ilə bağlı dərin hüznlə başsağlığını çatdıraraq, aviaqəzanın bütün səbəblərinin hərtərəfli şəkildə araşdırılacağına ümidvarlığını bildirib.

    Azərbaycanın Avropa İttifaqının vacib tərəfdaşı olduğunu deyən qonaq vurğulayıb ki, Avropa İttifaqı Cənubi Qafqaz regionunda davamlı sabitliyin təmin olunmasında maraqlıdır.

    Maqdalena Qrono ölkəmizin region və onun hüdudlarından kənar kontekstində əhəmiyyətinə toxunaraq, bu xüsusda Avropa İttifaqı ilə Azərbaycan arasında dialoqun önəmini vurğulayıb. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verdiyini deyən qonaq, xüsusilə enerji sahəsində əməkdaşlığın vacibliyini qeyd edib.

    Prezident İlham Əliyev Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın zəngin tarixə malik olduğunu vurğulayıb. Bu xüsusda, Azərbaycan ilə Avropa İttifaqı arasında enerji, nəqliyyat, investisiyalar, ticarət və qarşılıqlı maraq doğuran digər sahələrlə bağlı məsələlərə toxunulub.

    Dövlətimizin başçısı ölkəmizin Cənubi Qafqaz regionunda davamlı sülhün və sabitliyin təmin olunması üçün səylərini bundan sonra da davam etdirəcəyini bildirdi və Azərbaycan ilə Ermənistan arasında danışıqlar prosesinin ikitərəfli müstəvidə aparıldığını deyib.

    Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın inkişafı üçün təmasların davam etdirilməsinin vacibliyi vurğulanıb.