Mərkəzi Bank uçot faiz dərəcəsini azaldıb
Bu qərarı Bankın İdarə Heyətı qəbul edib
Azərbaycan Mərkəzi Bankı (AMB) 2025-ci il üzrə sonuncu dəfə uçot faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb.
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə faiz dəhlizinin bütün parametrləri 0.25 faiz bəndi azaldılıb.
Uçot dərəcəsi 6.75%, faiz dəhlizinin aşağı həddi 5.75%, faiz dəhlizinin yuxarı həddi isə 7.75% səviyyəsinə endirilib.
Qeyd edilib ki, faiz dəhlizi ilə bağlı qərar qəbul olunarkən faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf intervalı (4±2%) ilə uzlaşması, qlobal iqtisadiyyat və maliyyə bazarlarındakı mövcud vəziyyət, daxili makroiqtisadi meyillər, eləcə də pul siyasəti qərarlarının real sektora ötürücülüyünün xüsusiyyətləri əsas götürülüb.
Hazırda illik inflyasiya proqnozlaşdırılan trayektoriyaya uyğun hərəkət edir və hədəf daxilindədir. 2025-ci ilin oktyabrında 12 aylıq inflyasiya 5.9% təşkil edib. İllik qiymət artımı qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 8.2%, ödənişli xidmətlər üzrə 5.6%, qeyri-qida məhsulları üzrə isə 2.5% təşkil edib. İllik baza inflyasiya 5% olub. Faktiki inflyasiya başlıca olaraq xarici və daxili xərc amillərindən təsirlənir.
1 dəqiqə