Mərmərə dənizinin vəziyyəti ilə bağlı həyəcan təbili
Mərmərə dənizində ciddi oksigen çatışmazlığı var
Türkiyəli ekoloqlar və ekspertlər Mərmərə dənizinin vəziyyəti ilə bağlı həyəcan təbili çalıblar.
Orta Doğu Texniki Universitetinin (ODTÜ) Ankaradakı Dəniz Elmləri İnstitutunun rəhbəri, professor Mustafa Yücel iqlim dəyişikliklərinin Mərmərə dənizində ciddi oksigen çatışmazlığına səbəb olduğunu bildirib.
Professor bildirib ki, su hövzəsinin vəziyyətini öyrənmək məqsədilə səkkiz nəfərlik alimlər qrupu dörd gün ərzində Türkiyənin şimal-qərbində araşdırma aparıb.
“Bilim 2” gəmisindəki alimlər Mərmərə dənizinin ekosisteminə təsir edən müxtəlif amilləri təhlil ediblər. Təəssüf ki, nəticələr ürəkaçan deyil. Mərmərə dənizində 30 metrdən aşağı dərinlikdə kəskin oksigen çatışmazlığı hiss olunur ki, bu da balıqların yaşamasını mümkünsüz edir. 150-200 metr dərinlikdə oksigenin səviyyəsi ölçülə bilməyəcək səviyyədədir”, - deyə alim bildirib.
Professor qeyd edib ki, Aralıq dənizi və Egey dənizləri əvvəlki illərdə Mərmərə dənizini oksigenlə zəngin cərəyanlarla “qidalandırıb”. “Bu, xüsusilə Mərmərə dənizinin şərq hissəsində hiss olunurdu. Lakin son ekspedisiya belə müsbət nəticələri aşkar etməyib”, - deyə alim bildirib ki, bu, dəniz sularının temperaturunun artması ilə əlaqədar ola bilər.
“Bu il Türkiyə sahillərində dəniz suyunun temperaturu rekord həddə çatıb. Mərmərə dənizi ilə əlaqədar olaraq, azot və fosfor nisbətinin artması haqqında əminliklə danışmaq olar. "Yüksək temperatur, oksigen çatışmazlığı və çirklənmə Mərmərə dənizində bir-birini gücləndirən problemlərə çevrilib", - deyə alim vurğulayıb.
Onun sözlərinə görə, suda hidrogen sulfidin faizinin artması Mərmərə dənizi üçün yeni risk faktoru olub.
“Sürətli ekoloji fəlakət göz qabağındadır. Su dünyasında qida zənciri dağıdılır. Təcili tədbirlərə ehtiyac var. Balıqçılığa zərər dəyəcək, çimərliklər bağlanacaq, əhali qoxudan şikayətlənəcək, turizm yox olacaq. Bu, yaxın 4-5 il üçün gözlənilir”, - deyə alim proqnozlaşdırıb.
Yücel, ilk növbədə, emal edilən suyun yaşayış məntəqələrindən dənizə axıdılması problemini aradan qaldırmağa, eləcə də sahil zonasında kənd təsərrüfatı fəaliyyətinə nəzarəti gücləndirməyə çağırıb, bu da azot və fosforun miqdarının azaldılmasına kömək edəcək.