Minimum əmək pensiyası 280 manat olacaq
Qanun 1 fevral 2023-cü ildən qüvvəyə minəcək
Əmək pensiyasının minimum məbləği 240 manatdan 280 manata qaldırılır.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” 5 yanvar 2023-cü il tarixli sərəncama əsasən, Nazirlər Kabinetinə 10 gün müddətində əmək pensiyasının minimum məbləğinin 280 manata çatdırılmasına dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılmışdı.
Qanun 1 fevral 2023-cü ildən qüvvəyə minəcək.