BLOQ

Muharibədən sonra yaşamaq... VİDEO

Şuşaya getməməyimin səbəbi...

Muharibədən sonra yaşamaq... VİDEO
  • Oxuma müddəti:

    4 dəqiqə

  • Muharibədən sonra yaşamaq müharibədə yaşamaqdan çox çətindir. Ya axtarmırlar, ya axtarmaq istəmirlər, ya da ki, baş vermiş hadisələrdən ümumiyyətlə xəbərləri yoxdur. Çox güman ki, sonuncudur - xəbərləri yoxdur, məlumatsızdırlar. Qınamıram, çünki bu barədə nə şuşalılar bilir, nə də laçınlılar.

    Bura Böyuk Kirs dağıdır.

    Yüksəklik 2724 metrdir, Şuşadan 70 km, Laçından 30 km aralıdır. Burada baş verən hadisələrdən yalniz sağ qalmış tək-tük döyuşçünün xəbəri var. Şəkildə qürurlu görünür, amma heç kim bilmir ki, bu qürurlu dağ, bu yüksəklik nə az, nə cox, düz 49 nəfər ŞƏHİD udub və qalıqlarını da bu günə kimi qaytarmır. AXC üzvü olan, hec bir hərbi təhsili olmayan, eşşəkotaran, Şuşada vahid komandanlığı pozan, məhz bunun ücün göndərilmiş bir nəfərin səhvi və məsuliyyətsizliyi, qorxaqlığı, satqınlığı ucbatından əsgər və zabitlərimiz məhv oldu...

    Bura yüksəklik deyil, sadəcə, "qəbiristanlıq"dır. Qəbiristanlıqda qəbirlərin sahibləri olur, burada isə ŞƏHİD olanların nə qəbirləri var, nə cəsədlərinin qalıqları, nə də axtaranlar var. 33 ildir belədir.

    Burada hər gün bəh-bəhlə gedib baxdığınız, zövq alıb şəkil cəkdirdiyiniz Şuşanın təkcə Turşsu kəndindən 7 nəfər polis yoxdur. Neçəsi 777 sayli hərbi hissədən, neçəsi başqa rayonlardan ezam olunmuş polis işcisi... Bizə köməyə gəlmiş könüllülər hamısı bu dağda həlak oldular və ya əsir düşdülər, bilinmir.

    Bu yüksəklik iki dağdan ibarətdir: birinin adı Bala Kirs, o birisi Böyük Kirsdir. Bala Kirsdə sadaladığım - şəhid olan, itkin düşənlər, bir də yaralanıb sağ qalan, hazırda əlil olan döyuşçülər idi. Onların arxalarını isə Böyük Kirsdə AXC könullüləri bağlayırdı. Hər iki post bir-birinə arxalanırdı. Sən demə, həmin könüllülər heç kimə heç nə demədən, o satqın "komandir"in əmri ilə Bala Kirsdəki bölüyü məlumatlandırmadan üç gün əvvəl Böyük Kirsi qoyub qaçıblar. Bundan istifadə edən ermənilər yaxşı hazırlaşaraq mayın 8-də buranı muhasirəyə saldılar.

    Hücum o qədər gözlənilməz olub ki, heç kim tərpənə bilməyib. Amma ermənilərə qənimət qalmasin deyə bir ədəd T-72 tankı, 1 ədəd BM-21 "Qrad" qurğusu,1 ədəd "BMP"-2 döyüş maşını, 1 ədəd "BMP"-1 və 1 ədəd "BRDM" döyüş maşınını, bax, bu dağdan dərəyə buraxmağa imkan tapıblar.

    Tankçı Albert o məşhur müsahibəsini bu dağda verib, sonradan onu Şuşaya gətirdik. Bu dağda ANS-in prezidenti Vahid Mustafayev və Salman Hüseynov qəflətən mühasirəyə düşdülər. Mən dedim, yəqin hamısını qırdılar. Möhkəm atışma oldu, sadəcə, öz peşəkarlıqları və bir də bizim döyuş dəstəyimiz nəticəsində salamat çıxdılar. Xəlil "BMP"- 2 ilə, mən də "qranatamyot" ilə.

    Bu video da həmin gün cəkilib. 

    Bu ermənilərin Kirsə ilk hücumları idi. Məhşur döyuşçü qardaşımız Fuad Salahov burada ölümcül yaralandı, Fərman Xəlilov burada yaralandı və onu Bakıya apardılar. Şəhidlər isə yerdə qaldı, döyüşçülərin əsir düşdülər... Və o vaxtdan bu günə qədər xəbər yoxdur. Bax, buna görə mən Şuşaya getmirəm və getmək istəmirəm. Hələ ki, buna hazır deyiləm. Adi şəklə baxanda belə, qəhərlənirəm, çünki kimin harada şəhid olduğunu bilirəm... Ona görə deyirəm, müharibədən sonra yaşamaq müharibədə yaşamaqdan cox cətindir.