Biz hamımız istər regionumuzda, istərsə də onun ətrafında yaxın iki-üç il üçün tendensiyaları müəyyən edəcək mühüm hadisələr ərəfəsindəyik. Azərbaycan bu hadisələrə, proseslərə heç bir şəkildə təsir edə bilməz. Lakin vəziyyət müəyyənləşdikdən sonra yeni şərtlərə uyğun olaraq öz mövqeyini formalaşdıra bilər. Gəlin təsir dərəcəsini, riskləri və imkanları nəzərə alaraq həmin hadisə və prosesləri nəzərdən keçirək:
- İsrail və İran arasındakı müharibə bu gün regionumuz üçün ən böyük riskləri daşıyır. İsrail hökuməti ABŞ rəhbərliyinin zəifliyindən istifadə edərək, bir tərəfdən ABŞ-da seçki kampaniyasının gedişatına təsir etməyə çalışır, digər tərəfdən isə “yerdə” yeni reallıq yaradır ki, gələcək ABŞ prezidenti bu reallıqla hesablaşmalı olacaq.
İsraillə İran arasındakı toqquşma eskalasiya prosesindədir və gərginliyin pik nöqtəsi hələ görünmür. Güman etmək olar ki, gərginlik ABŞ seçkiləri ərəfəsində daha da artacaq. Mümkün ssenarilər ABŞ-ın nəzarətində olan qarşılıqlı zərbələrdən tutmuş, təkcə İran və İsrailin ərazisində deyil, həm də qonşu ölkələrdə irimiqyaslı bombardmanlara qədər dəyişir.
- Gürcüstanda keçiriləcək parlament seçkiləri zaman baxımından ən yaxın hadisədir və onun nəticəsi regionda kənar iştirak kontekstində qüvvələr nisbətinə təsir göstərəcək. Ehtimal etmək olar ki, hazırkı hakimiyyət qalib gəlsə, Gürcüstanın region ölkələri ilə münasibətlər sistemi dəyişməyəcək, lakin münasibətlərin xarici perimetri dəyişəcək. Müxalifət qalib gəlsə, Gürcüstan ən azı bir illik turbulentliklə üzləşəcək və bu müddət ərzində xarici əlaqələr son həddə qədər sınaqdan keçirilə bilər. Region ölkələri üçün ən mənfi ssenari vətəndaş qarşıdurması və proseslərin konstitusiya çərçivəsindən çıxmasıdır.
- ABŞ-da keçiriləcək prezident seçkilərinin nəticələrini proqnozlaşdırmaq mümkün deyil. Seçkilərin nəticəsinə həm daxili dinamika, həm də xarici amillər təsir edir. Baydenin avtokratik qərarı nəticəsində Demokratlar Partiyasının namizədi olmuş K.Harris əslində heç nə ilə seçilmir. Onun səslərini artıran bütün amillər ya Trampın, ya da Bayden Administrasiyasının fəaliyyətinin nəticəsidir. K.Harrisi populyarlaşdırmaq üçün inzibati resurslardan istifadə səviyyəsi o qədər yüksəkdir ki, yaxın üç həftə ərzində Ağ Evin ən radikal addımlar atması belə mümkündür.
Aydındır ki, kimin ABŞ prezidenti seçilməsindən asılı olmayaraq, xarici siyasətin əsas simaları (prezident, dövlət katibi, milli təhlükəsizlik müşaviri) dəyişəcək. Yeganə fərq ondadır ki, K.Harris seçilərsə 2025-ci il yanvarın 20-dək (inauqurasiya gününədək) olan aralıq müddətdə Bayden administrasiyası qərarları seçilmiş prezidentlə məsləhətləşərək qəbul edəcək. Lakin Tramp seçilərsə, Bayden administrasiyası yeni seçilmiş prezidentlə koordinasiya olmadan qərarlar qəbul edəcək. Əsas odur ki, bu müddətdə administrasiyanın “şərindən” uzaq olasan.
- Avropa Parlamentinə seçkilərdən sonra Avropa Komissiyasının formalaşdırılması başa çatıb. Aİ Şurası sədri vəzifəsi isə hələ də boş qalır. Bu vəzifə üçün şəxs müəyyən edildikdən sonra Aİ-nin icra strukturları tam tərkibdə işə başlayacaq. Görək, Aİ-də kimlər Cənubi Qafqaz mövzusuna sahiblənəcək.
- Ukrayna müharibəsi. Yayda müharibədən gözləntilər çox böyük idi. Lakin Qərbin Ukraynaya məhdud hərbi dəstəyi, bu sahədəki təxribatlar vəziyyəti o yerə çatdırdı ki, Ukraynanın Kursk əməliyyatı cəbhədə istinilən təsiri göstərmədi. Ukraynanın özündə - Donbass istiqamətində isə Rusiya hücumunu davam etdirir.
Diplomatik müstəvidə vəziyyət daha da pisdir, çünki rəsmi Kiyev artıq Ukrayna tərəfindən çağırılan sülh konfransında Rusiyanın iştirakına razılıq verməyə məcbur qalıb. Çin və Braziliyanın alternativ təşəbbüsü isə dünyada getdikcə daha çox dəstək qazanır. Artıq əsas şərt kimi Ukrayna ərazilərinin işğaldan azad edilməsindən söhbət getmir, sadə barışıq əldə olunduğu halda Ukraynaya təhlükəsizlik zəmanəti və iqtisadi yardım təklifləri irəli sürülür.