Murovdağ tunelində qazma işləri artıq tamamlanıb FOTO
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi xəbər verir
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ümumi uzunluğu 23,4 km olan Murovdağ tunelində 14 km-lik qazma işlərini artıq tamamlayıb.
Bu barədə Agentliyə istinadən xəbər verir.
Məlumatda deyilir ki, Prezident İlham Əliyevin tapşırığına əsasən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan mühüm əhəmiyyətə malik yol infrastrukturu layihələrindən biri 82 km uzunluğa malik Toğanalı-Kəlbəcər-İstisu avtomobil yoludur.
Göygöl və Kəlbəcər rayonlarını birləşdirən avtomobil yolunun layihə uzunluğu Toğanalı-Kəlbəcər 56 km, Kəlbəcər-İstisu 26 km təşkil edir. Toğanalı-Kəlbəcər layihənin 13-cü km-lik hissəsindən Murovdağ silsiləsi başlanır və yüksəklik 1 700 m-dən Murovdağ zirvəsinədək 3 260 m-ə qədər artır.
Bu hissədə dünyanın əz uzun avtomobil tunellərindən biri olacaq Murovdağ tunelinin (L=23.4 km) inşası davam etdirilir. Tunel bir istiqamət üzrə 2 hərəkət zolaqlı və 10 metr enində olacaq. Əlavə olaraq 561,2 m, 626,9 m, 500 m və 947,9 m uzunluğunda 4 tunelin tikintisi də həyata keçirilir.
Sol və sağ hissələrdən ibarət olan, sol hissəsi 11 713,1 metr, sağ hissəsi isə 11 691,9 metr (ümumi uzunluğu 23 405 metr) uzunluğa malik olacaq Murovdağ tunelinin (Tunel №3) sol hərəkət istiqaməti üzrə ümumilikdə 7 060 metr qazma və püskürtmə işləri,4 160 metr isə kəmər betonu işləri tamamlanıb, sağ istiqamət üzrə isə ümumilikdə 7025 metr qazma və püskürtmə işləri, 1722 metr isə kəmər betonu işləri tamamlanıb. Bundan başqa Murovdağ tunelinin daxilində sağ və sol hissələri birləşdirən 20 bağlantı yolu (keçid tunel) inşa edilib və yeni bağlantı yolların inşası istiqamətində işlər davam etdirilir.
561,2 m uzunluğunda olan Tunel №1-də, 626,9 m uzunluğunda olan Tunel №2-də və uzunluğu 947,9 m təşkil edən Tunel №5-də artıq qazma, püskürtmə və kəmər betonu işləri tamamlanıb. Uzunluğu 500 metr olan Tunel №4-də isə qazma və püskürtmə betonu işləri davam etməkdədir.
Dövlət başçısının tapşırığına əsasən, Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu 2, 3 və 4 hərəkət zolaqlı olmaqla I, II və III texniki dərəcəyə uyğun olaraq inşa edilir. Belə ki, layihənin keçdiyi ərazinin sərt dağlıq və qayalıq relyefinin olmasını nəzərə alaraq, yolun əsas hissəsinin II texniki dərəcəyə uyğun, yəni hərəkət hissəsinin 2 zolaqlı, yoxuşlarda isə əlavə zolaq verilməklə tikintisi nəzərdə tutulub. Murovdağ tuneli olan hissədə isə 1-ci texniki dərəcəyə uyğun 4 hərəkət zolağının inşası icra olunur. Layihə üzrə I dərəcəli yolun ümumi uzunluğu 14.2, II dərəcəli yolun ümumi uzunluğu 34.8 km, III dərəcəli yolun ümumi uzunluğu isə 33 km təşkil edir.