BLOQ

Müsyö Jordan Bakıda, Təbrizdə, Parisdə, ya "Sea Breeze"dədir

(Axundov yaşayıb, Axundov yaşayır, Axundov yaşayacaq)

Müsyö Jordan Bakıda, Təbrizdə, Parisdə, ya "Sea Breeze"dədir
  • Oxuma müddəti:

    7 dəqiqə

  • Teatrın qəribə bir xüsusiyyəti var. O bəzən tarix dərsliyindən daha dürüst, xəbərlər proqramından daha aktual və sosial şəbəkələrdən daha müasir olur.

    Mayın 30-da Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında Mirzə Fətəli Axundovun "Müsyö Jordan və Dərviş Məstəli Şah" tamaşasına dostum Məbud Məhərrəmovdan "Mütləq bütün ailənlə gəl" tapşırığını alan kimi evdəki gül-çiçəkləri yığıb teatra gəldim. Uşaqlar tamaşaya ilk dəfə idi baxırdılar və biz bir daha əmin olduq ki, teatr səhnəsi bir cəmiyyətdən, şəhərdən və ya bir ölkədən böyükdür. Şahid olduq ki, dünyada texnologiya inkişaf etsə də, insan o qədər də irəliləməyib.

    Baxın, Axundov bu əsəri XIX əsrdə yazmışdı. O vaxt Şəki, Paris, Bakı, Qarabağda mövhumat var idi. Fanatizm var idi. Cəhalət var idi. Və ən əsası — bütün bunların mövcudluğundan qazanc əldə edən adamlar var idi. Aradan 170 ildən çox vaxt keçib. Hər şey dəyişib dünyada. Telefon gəlib. Televiziya gəlib. İnternet gəlib. Ay kişi, süni intellekt gəlib, amma Axundovun "qəhrəmanları" hələ də dəyişməyib, hələ də yaşayır. Sadəcə, geyimlərini dəyişib. Artıq çarşab alt paltarı olub, darbalaq isə çıxıb önə.

    Artıq Müsyo Jordanın arzusu çin olub - hər il yeni dəbdə geyinən Fransa frantları tək azərbaycanlıların da geyimləri millidən iraq olaraq modası Fransa, istehsalı isə Çin olub. Bizə elə gəlir ki, millət olaraq biz tariximizi qoruyuruq, amma Rus Dram Teatrının səhnəsindən Axundov bizə göstərdi ki, elə tariximiz bizi qoruyan yeganə amildir. Çünki rəhmətlik konkret insanları yox, insan təbiətini yazmışdı. Məncə, şəkili Axundovun, şamaxılı Sabirin, naxçıvanlı Məmmədquluzadənin XXI əsr Azərbaycanında hələ də aktual olması onların dahiliyi ilə yanaşı, cəmiyyətimizin konserv olunub işlənmiş maşın yağı içində "şprot" kimi həyat sürməyinin təzahürüdür.  

    Məhz buna görə quruluşçu rejissor Aleksandr Şarovski və Müsyö Jordan rolunun ifaçısı, əziz dostum Məbud Məhərrəmov tamaşanın ilk dəqiqələrindən tamaşaçını sosial şəbəkədəki şərhlər bölməsinə ataraq "layk" yığmağa başladılar. Auditoriya artıq XIX əsrdə deyil, bu günün postları və "reel"slərinə baxırdı. Bunun ən gözəl nümunəsini isə Müsyö Jordanın "Təbrizdən Parisin dağıldığı barədə məktub gəlib" ifadəsini qəfildən tamaşaçını XXI əsrə gətirərək: ""Sea Breeze"dən mənə məktub gəlib ki, Paris dağılıb" kimi səsləndirməsi oldu. 

    Zal "partladı". Və məsələ onda deyil ki, Məbud Axundovun fikrini dəyişir. Əksinə, Məbud pyesi bizim günümüzə "tərcümə" edir ki, daha anlaşılan olsun. Teatrın möcüzəsi kağız üzərindəki mürəkkəbin birdən-birə nəfəs almağa başlamasıdır. Bu tamaşada Müsyö Jordan Məbudla nəfəs alırdı. Ən maraqlısı isə odur ki, aktyor bəzən müəllifin yaratdığı qəhrəmanı müəllifin özündən də yaxşı tanıdır. Məbudun Jordanı sadəcə alim deyildi. O, carçı idi və Parisi partladan küləyin haradan gəlməsini aydın nümayiş edirdi.

    Tamaşada xüsusi qeyd olunmalı məqamlardan biri də qadın obrazlarıdır. Natalya Şarovskayanın Şəhrəbanu xanımı, Xədicə Ağayevanın Şərəfnisəsi və Mələk Abaszadənin Xanpərisi tamaşanın ən canlı və ən rəngarəng hissələrindən birinə çevrilmişdi. Bu üçlük səhnədə təkcə ailə üzvlərini yox, bu günə qədər yaşayan bütöv bir dövrün qadın, ana, vətən dünyasını yaradırdı. Onların ifasında satira kobudlaşmırdı. Əksinə, zərif istehza formasında təqdim olunurdu. Yoğurduqları xəmir belə tamaşa boyu nə qədər su apardı. Qarşılarına çıxan qurbanlıqların yununu çırparaq Azərbaycan cəmiyyətində öz layiqli yerlərini israrla nümayiş edirdilər. Maraqlısı odur ki, bu üç xanım bütün tamaşa boyu, bir dəfə də olsun. səhnəyə çıxmadılar, səhnə özü addım-addım onların ardınca gedirdi. 

    Fuad Osmanovun Məstəli Şahı və Səfa Mirzəqasımovun Hətəm xanı tamaşanın vacib dayaqları idi. Onlar səhnədə kişilərin hökmünü, sözünü və aliliyini inandırıcı şəkildə oynamağa çalışırdılar. Lakin tamaşaçı zalından baxanda Axundovun satirası başqa həqiqəti pıçıldayırdı: bu dünyanın ipini çox vaxt kişilər tutduğunu zənn edir, amma düyünləri qadınlar vurur.

    Tamaşanın emosional ağırlıq mərkəzi, həyatımızda olduğu kimi, daha çox qadın obrazları ilə Müsyö Jordan arasındakı münasibətlərdə formalaşırdı. Və Şekspirin ənənəvi sualının ayağı sürüşərək "Müsyo Jordanın başını kəsək, yoxsa Parisi partladaq" seçiminə dəydi. Necə də gözlənilən seçim oldu bu azərbaycanlılar üçün. Doğrudan da, niyə zəhmət çəkib inkişaf edək, ondansa Parisi partladaq! Parisi partlatsaq, artıq o olmayacaq və Paris biz olacağıq. Keyfiyyətin fərqi yoxdur - Paris olmayandan sonra müqayisə də olmayacaq. Özü də bunu hiyləgər xanımlar özləri deyil, Məstəli Şahın əli ilə edirlər. Ay canı yanmışlar... İndi düşün, gör kim daha çox hiyləgərdir, xanımlar, ya cadugər? Məhz burada Axundovun satirası ən canlı görünürdü. Məhz burada aktyorların bugünkü insanı tapmaq cəhdləri daha çox hiss olunurdu. 

    Amma cadugərlər yalnız səhnədə deyil, səhnə arxasında da barıtını kifayət qədər qoymuşdular. Mənim əziz dostlarım - geyim üzrə rəssam Fəxriyyə Xələfova, bəstəkar Vaqif Gərayzadə də tamaşanın ümumi atmosferinin yaranmasına mühüm rənglər qatmışdılar. Bu doğrudan da teatr idi və iraq olmuş irs qatarı ilə tamaşaçını real həyatımızın rəngləri və səslərindən çox-çox uzaqlara, Azərbaycan mədəniyyətinin genetik məlumatlarını daşıyan mürəkkəb molekulunu "BUS" dayanacağına aparırdı.  

    Lakin tamaşadan çıxarkən mənim ağlımda qalan əsas fikir başqa oldu. Təəssüf ki, paxıllıq və dağıdıcılıq hələ ölməyib. Cəhalət hələ təqaüdə çıxmayıb. Mövhumat hələ məğlub olmayıb. Deməli, Müsyö Jordanın da işi hələ bitməyib. O, yenə gələcək - ya köklərimizdən, ya Parisdən, ya Təbrizdən, ya da "Sea Breeze"dən.