XƏBƏRLƏR / Kriminal

Narkotik vasitələrinin alverinə görə 53 nəfər saxlanılıb

Saxlanılan şəxslərin barəsində həbs qətimkan tədbiri seçilib

Narkotik vasitələrinin alverinə görə 53 nəfər saxlanılıb
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Son bir ayda Baş Narkotiklərlə Mübarizə İdarəsi “qara” bazarda dəyəri 5 milyon manat olan 240 kiloqram narkotik vasitəni qanunsuz dövriyyədən çıxarıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.

    Məlumata görə, son bir ayda qaçaqmalçılıq yolu ilə ölkəyə narkotik vasitələr göndərən mütəşəkkil dəstənin Azərbaycandakı üzvlərinə, eləcə də daxildə bu maddələrin satışını təşkil edən şəxslərə qarşı Bakı və respublikanın digər bölgələrində silsilə əməliyyatlar zamanı 53 nəfər saxlanılıb.

    Əməliyyatlar zamanı qanunsuz dövriyyədən 91 kiloqram heroin, 78 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana, 40 kiloqram metamfetamin, 31 kiloqram tiryək, həşiş qətranı, kokain, eləcə də digər növdən olan narkotiklər, 4560 ədəd psixotrop tərkibli metadon, lirika, preqabalin həbləri, 162 ədəd kultivasiya yolu ilə yetişdirilən, habelə 4635 ədəd yabanı halda bitən çətənə kolu qanunsuz dövriyyədən çıxaırlıb.

    Baş İdarə əməkdaşlarının həyata keçirdikləri sonuncu əməliyyatlar zamanı mütəşəkkil dəstənin üzvləri  Arif Hümbətov, Fərid Baxışov, Mirəli Cəfərli və Mirməhərrəm Əzizli saxlanılıblar.

    Onlardan ümumilikdə 43  kiloqram narkotik vasitə və psixotrop maddə olan metamfetamin aşkar edilib. Həmin şəxslər İrandan qanunsuz yollarla göndərilən narkotiklərin əsas tədarükçülərindən sayılır.

    Qeyd edilən dövrdə Baş İdarənin cənub bölgəsində keçirdiyi əməliyyatlar zamanı isə ölkə ərazisində narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən daha 5 nəfər- Elxas Əliyev, Zaur Salayev, Sabir Şəfiyev, Vüqar Süleymanov və Əhməd Ömərov tutularaq istintaqa təqdim ediliblər. Onlardan ümumilikdə 63 kiloqram narkotik vasitə və psixotrop maddə aşkar edilib.

    Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, saxlanılan şəxslərin barəsində həbs qətimkan tədbiri seçilib.