XƏBƏRLƏR / Diplomatiya

Natəvanın heykəli Parisdə yenidən ucaldıldı FOTO

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva abidənin tarixi haqqında məlumat verib

Natəvanın heykəli Parisdə yenidən ucaldıldı FOTO
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Parisdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü çərçivəsində XIX əsr Azərbaycan şairəsi, Qarabağın sonuncu xanı Mehdiqulu xan Cavanşirin qızı Xurşidbanu Natəvanın Fransanın Evian-le-Bən şəhərindən gətirilmiş abidəsi Azərbaycan Səfirliyinin Mədəniyyət Mərkəzinin həyətində yenidən ucaldılıb.

    Azərbaycanın Fransa və Monakoda fövqəladə və səlahiyyətli səfiri Leyla Abdullayeva abidənin tarixi haqqında məlumat verib. Azərbaycanın şairəsi Xurşidbanu Natəvanın heykəlinin belə bir tarixi gündə yenidən ucaldılmasının rəmzi əhəmiyyəti olduğunu bildirib.

    Qeyd edib ki, 2017-ci ildə İsmayıllı və Fransanın Evian-lö-Bən şəhərləri arasında imzalanmış dostluq və əməkdaşlıq xartiyası çərçivəsində Evian şəhərində, Leman gölü sahilində "Azərbaycan parkı"nın rəsmi açılış mərasimi olub. Eyni zamanda, İsmayıllı şəhəri tərəfindən Xurşidbanu Natəvanın heykəli Evyan-lö-Bən şəhərinə hədiyyə edilib. Abidə “Azərbaycan parkı”nda ucaldılıb. Ancaq 2023-cü ilin dekabr ayının 18-də radikal qüvvələr abidəyə qarşı vandalizm aktı törədib. Evyan-lö-Bən şəhəri meriyasının qərəzli mövqeyi bir neçə ay davam edib, abidənin bərpası və təmizlənməsi istiqamətində heç bir addım atılmayıb. Həmçinin, meriya gələcəkdə bu abidəyə qarşı vandalizm aktının təkrarlanmayacağına zəmanət vermədiyi üçün Azərbaycan tərəfi həmin abidəni geri götürüb. Qısa zamanda təmizlənmiş və bərpa edilmiş heykəl Parisdə Eyfel qülləsinin yanında yerləşən Azərbaycan Səfirliyinin Mədəniyyət Mərkəzinin həyətində yenidən ucaldılıb.

    Abidənin açılışında Fransada yaşayan azərbaycanlı opera müğənnisi Timur Abdikeyev “Sevgili canan” romansını ifa edib.

    Xatırladaq ki, sözügedən vandalizm aktından sonra İsmayıllı rayon icra hakimiyyəti Evian-lö-Bənlə dostluq və əməkdaşlıq xartiyasını ləğv edib.