Natiq Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adı verildi
O, 1991-ci ildə könüllü olaraq Ağdam rayonunda təşkil edilmiş “Qaradağ şahinləri” taboruna yazılaraq Vətənin müdafiəsində iştirak edib
Prezident İlham Əliyev Natiq Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi ilə bağlı Sərəncam imzalayıb.
Sərəncamla Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə Natiq Səlim oğlu Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib (ölümündən sonra).
Qeyd edək ki, bir müddət öncə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yaydığı məlumatda N. Qasımovun qəhrəmanlığı və şücaəti düşmən hərbçiləri arasında vahimə və psixoloji gərginlik yaratdığı üçün səhra komandiri Vitali Balasanyan Natiq Qasımova erməni əsgərlərin qarşısında müharibə qanunlarına zidd olaraq dəfələrlə ağır və dəhşətli işgəncələr verərək onu qətlə yetirdiyi bildirilib.
Məlumat üçün deyək ki, Natiq Qasımov 1971-ci ildə Azərbaycan Respublikası, Gədəbəy rayonu, Kiçik Qaramurad kəndində anadan olub. Ermənistan silahlı birləşmələrinin Azərbaycan Respublikasının suveren ərazilərinə hücumu ilə bağlı 1991-ci ildə könüllü olaraq Ağdam rayonunda təşkil edilmiş “Qaradağ şahinləri” taboruna yazılaraq Vətənin müdafiəsində iştirak etmişdir. 12 mart 1992-ci ildə Xocalı rayonu, Pirlər (Xramort) kəndi istiqamətində gedən döyüşdə Ermənistan hərbçiləri tərəfindən əsir götürülüb.
O, Xocalı rayonu, Pirlər kəndi yaxınlığında yüksəklikdə yerləşən Alban kilsəsi uğrunda döyüş zamanı 6 döyüş yoldaşı həlak olduqdan sonra 5 gün ac-susuz orada qalaraq təkbaşına döyüşüb. Gülləsi qurtardığından 6-cı gün, 12 mart 1992-ci ildə rusiyalı və italiyalı jurnalistlər - Konstantin Smirnov və Enriko Sarzinin şahidliyi ilə Ermənistan hərbçiləri tərəfindən əsir götürülüb. Onun əsir götürülməsi faktı Rusiyada nəşr edilən “Oqonyok” jurnalının 1992-ci il 14 və 15-ci nömrələrində “Strax” adlı məqalədə təsvir edilib.