NATO üzvləri hərbi xərcləri artırmaq barədə razılığa gəlib
Bu barədə NATO-nun Haaqa sammitinin yekun bəyanatında bildirilib

NATO müttəfiqləri hərbi xərcləri artırmaq barədə razılaşıblar.
Bu barədə NATO-nun Haaqa sammitinin yekun bəyanatında bildirilib.
Müttəfiqlər 2035-ci ilə qədər ümumi daxili məhsulun 5%-nin müdafiə xərclərinə sərf olunması ilə bağlı razılığa gəliblər.
Birgə bəyanatda “Rusiyadan və terrorizmdən gələn təhdidlərə qarşı” alyans üzvlərinin həmrəy olduğu vurğulanır.
Bəyannamədə əlavə olaraq, NATO ölkələrinin 2029-cu ildə hərbi investisiyaların parametrlərinə yenidən baxılacağı da qeyd olunub.
Qeyd edək ki, bundan əvvəl NATO-ya üzv ölkələrin hərbi xərclərə ayırmalı olduğu büdcə ümumi daxili məhsulun sadəcə 2%-ni təşkil etməli idi.
Şimali Atlantika Alyansı ölkələri liderlərinin Yekun Bəyanatında o da bildirilir ki, NATO-nun növbəti sammiti 2026-cı ildə Türkiyədə keçiriləcək. 2027-ci ildə isə bu tədbirə Albaniya ev sahibliyi edəcək.
Sənəddə qeyd olunur: “Niderland Krallığının bizə göstərdiyi səxavətli qonaqpərvərliyə görə minnətdarlığımızı bildiririk. Biz 2026-cı ildə Türkiyədə növbəti görüşümüzü, ardınca isə Albaniyada keçiriləcək tədbiri səbirsizliklə gözləyirik”.