
13:20
İyunun 9-da "Naxçıvan Muxtar Respublikası Yolxucu Xəstəliklər Mərkəzi" Publik Hüquqi Şəxsindən Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinə Naxçıvan şəhərinin Heydər Əliyev prospektində yerləşən “Kassap Dönər”də 17 nəfərin kütləvi qida zəhərlənməsinə məruz qalması ilə bağlı məlumat daxil olub. Bununla bağlı təxirəsalınmaz tədbirlər görülüb, dönərxananın fəaliyyəti məhdudlaşdırılıb. Nümunələr seçilərək Naxçıvan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına təqdim edilib.
Bu sözləri jurnalistlərə açıqlamasında Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Qida zəncirinə nəzarət şöbəsinin müdiri Orxan Orucov deyib.
O bildirib ki, zəhərlənmə məhsulların saxlanması, istifadə qaydalarının pozulması ilə əlaqədar ola bilər. Hazırda bu istiqamətdə araşdırma davam etdirilir, ət, sous, ketçup və moyanezlərdən nümunələr seçilərək Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına təqdim olunub. Həmin məhsullarla bağlı normativ hüquqi akt qəbul edilib. Aparılan müşahidələr belə deməyə əsas verir ki, istifadə olunan moyanez, ketçup və digər sousların müvafiq temperaturda saxlanmaması, gigiyenik qaydaların pozulması bu kimi arzuolunmaz hadisələrə səbəb olur.
"Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyi ilin istənilən fəslində maarifləndirmə işləri aparır. Xüsusən də yay aylarında təkcə dönər məhsulları deyil, eləcə də dondurma, bostan, balıq, ət və süd məhsulları ilə bağlı bütün qida obyektlərinə maarifləndirici bildirişlər, məktublar təqdim etmişik. Kütləvi informasiya vasitələri ilə də maarifləndirici məlumatlar paylaşılıb, eləcə də Qida Təhlükəsizliyi İnstitutu tərəfindən təlimlər keçirilib. Bu kimi işlər bundan sonra da davam etdiriləcək", - deyə Orxan Orucov əlavə edib.
***
09:40
"Naxçıvan Yoluxucu Xəstəliklər Mərkəzi" Publik Hüquqi Şəxsdən Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə Naxçıvan şəhəri Heydər Əliyev prospektində yerləşən “Kassap Döner” dönərxanasında 17 nəfərin qidadan zəhərlənməsi barədə məlumat daxil olub.
Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, agentlik tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilib. Şübhəli məhsulların toxunulmazlığı təmin edilib, dönərxananın fəaliyyəti dayandırılıb.
Faktla bağlı araşdırma aparılır, nəticələri barədə ictimaiyyətə məlumat veriləcək.