Naxçıvanda dövlətə xəyanətə görə hökm oxunub
Fizuli Əsədov xarici kəşfiyyat xidməti ilə əməkdaşlığa görə 14 il müddətinə azadlıqdan məhrum edilib
Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə vətəndaş Fizuli Əsədov xarici kəşfiyyat xidməti ilə əməkdaşlıqda təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum edilib.
Məhkum Naxçıvanla bağlı məlumat toplayıb. Fizuli Əsədov ötən il sentyabrın 15-də Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs edilib.
F.Əsədov Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə, dövlət təhlükəsizliyinə və müdafiə qabiliyyətinə zərər vurmaqla xarici kəşfiyyat xidmətinin nümayəndələrinin göstərişlərini yerinə yetirməkdə ittiham olunur.
İttihama görə, o, xarici kəşfiyyat xidmətinin nümayəndələri tərəfindən maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb edilib, Azərbaycanın dövlət təhlükəsizliyinə xələl gətirəcək məlumatlar toplamaq üçün tapşırıqlar alıb, hərbi hissələrin yerləşdiyi yer barədə məlumat toplamaqla məşğul olub. Naxçıvan Muxtar Respublikasında yerləşən bölmələr, strateji müəssisələr, tikililər, yollar, rabitə və rabitə vasitələri, əhalinin həyat təminatı obyektləri və s. məlumatları xarici kəşfiyyat xidmətinin nümayəndəsinə verib.