Neftin qiyməti düşür
ABŞ iqtisadiyyatının pisləşməsinin tələbin azalmasına səbəb olacağı qorxusu yaranıb
Cümə günü ticarət zamanı neft qiymətləri ABŞ iqtisadiyyatının pisləşməsinin tələbin azalmasına səbəb olacağı qorxusu ilə aşağı düşür. "Trading Economics" belə yazır.
Londonun ICE Futures birjasında Brent markalı neftin may fyuçersləri əvvəlki sessiyanın bağlanış qiymətindən 0,64 dollar (0,76%) aşağı olmaqla 84,11 dollar/barel təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən hərraclar zamanı aprel ayı üçün WTI neftinin qiyməti 1 barelə görə 0,48 dollar (0,61%) azalaraq 77,68 dollar təşkil edib.
Bununla belə, ING analitikləri bildiriblər ki, Brent və WTI həftənin əvvəlindən “Çinin iqtisadi bərpası ilə bağlı ümumi bazar optimizmi səbəbindən” 1,5%-dən çox bahalaşıb.
Bu arada "MT Newswires"ə görə, "Goldman Sachs" oktyabr ayında tətbiq edilən hasilat məhdudiyyətlərindən qismən imtina fonunda Brent qiymətlərinin bir barel üçün 100 dollara (sonuncu dəfə 2022-ci ilin avqustunda qeydə alınmış səviyyələrə) dönəcəyini gözləyir.
"Biz neftin qiymətinin dekabr ayına qədər tədricən 100 dollar/barel səviyyəsinə qalxacağını proqnozlaşdırırıq və OPEK-in ilin ikinci yarısında hasilatı sutkada 1 milyon barel artırması şərti ilə 2024-cü ildə də bu səviyyədə qalacağını gözləyirik" - deyə bankın açıqlamasında bildirilir.
Eyni zamanda, ekspertlər hesab edirlər ki, OPEK hasilatı artırmasa, neftin qiyməti dekabrda 107 dollar/barelə qədər yüksələ və daha da artmağa davam edə bilər.