XƏBƏRLƏR / Münaqişə

Nepalda etirazlar səngimir, ölkə prezidenti istefa verdi

Polislə toqquşma nəticəsində ən azı 22 nəfər həlak olub, 500-dən çox insan yaralanıb FOTO / YENİLƏNİB

Nepalda etirazlar səngimir, ölkə prezidenti istefa verdi
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 16:27

    Nepal Prezidenti Ram Çandra Paudel istefa verib.

    Bu barədə Hindistan KİV-i məlumat yayıb.

    Məlumata görə, etirazçılar ölkənin "onların nəzarətinə keçdiyini" bəyan edib və seçkilərə hazırlığa başlamağa çağırıblar.

    ***

    14:50

    Nepalda ölən və xəsarət alanlar arasında Azərbaycan vətəndaşlarının olması ilə bağlı məlumat daxil olmayıb.

    Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib.

    Qeyd edək ki, Nepalda etirazlar nəticəsində 22 nəfər ölüb, xəsarət alanların sayı 500 nəfərə çatıb.

    Etirazçılar parlament binasını yandırıb. İğtişaşlar fonunda Baş nazir istefa verib.

    Xatırladaq ki, Nepalda hökumətin “Facebook”, “X” və “YouTube” daxil olmaqla 26 sosial media platformasını bloklamaq qərarına görə, etirazçılarla polis toqquşub.

    ***

    14:05

    Nepal Prezidenti Baş nazirin istefasını qəbul edib.

    Bu barədə "Reuters" məlumat yayıb.

    Bu arada etirazçılar ölkə parlamentinin binasını yandırıblar.

    ***

    13:36

    Nepalda etirazlar keçirilir, iştirakçılar ölkə prezidenti Ram Çandra Paudelin iqamətgahına girərək onu yandırıblar.

    Bundan əvvəl Nepal hakimiyyəti platformaların ölkədə qeydiyyatdan keçməkdən imtina etməsi səbəbindən sosial şəbəkələri bloklamaq qərarına gəlib. Buna cavab olaraq etirazlar başlayıb.

    Etirazçılara rezin güllələr atılıb, onlara qarşı gözyaşardıcı qaz və su şırnaqlarından da istifadə olunub. Nəticədə ən azı 20 nəfər həlak olub, 500-dən çox insan yaralanıb. Bir gün sonra Nepalın daxili işlər naziri istefa verdi və blok qaldırıldı. Lakin etirazlar dayanmadı.

    Yerli medianın məlumatına görə, nümayişçilər Nepalın paytaxtı Katmanduda bir neçə siyasətçinin iqamətgahını yandırıblar.

    Nepal ordusu ölkədə kütləvi etirazlar fonunda nazirləri iqamətgahlarından vertolyotla təxliyyə edir, yerli media xəbər verir

    Nepalın Baş naziri ölkədə baş verən böyük iğtişaşlar fonunda fövqəladə Nazirlər Kabinetinin iclasını çağırıb.