"Nərgiz"in peşəkar ətri
"Nərgiz görən qara soyuq buludlar əriyir və bütün səma cənnət çiçəklərinə çevrilir”
Mənim ən sevimli fəslim yazdır. Yazda qışla vidalaşan soyuğun təsirini burnumuzla hiss etməyimizə baxmayaraq, gözlərimizlə isti yayın gəlişini görürük. Bir də ki, yazda nərgizgülü açır. Yaz havasından fərqli olaraq, bu füsünkar güllər gözümüzlə burnumuzu barışdıraraq gözəllik ətri ilə bütün dünyanın həyat ümidlərini doğruldur. Bu ecazkar və igid çiçəyin hələ də əriməmiş buzun soyuğundan gözəlliyi xilas etmək üçün möhkəm gövdəsi ilə günəşə doğru ucalan, boynuna qədər ağ xəzlə bükülmüş sarı ulduzu sanki bütün ətrafa “Ey əziz dünya, lütfən, solma!” qışqırır. Yaxşı xatırlayıram, rəhmətlik anam deyərdi: “…Nərgiz görən qara, soyuq buludlar əriyir və bütün səma cənnət çiçəklərinə çevrilir”. Həyat oyanır!
Nə yaxşı ki, Azərbaycanda bu gözəl gül adı ilə dərgi var. “Nərgiz” jurnalı 2013-cü ildə nəşr olunmağa başlayıb. Adı professor Nərgiz Paşayevanın adına qoyulub. Yaranan gündən jurnal dünya mədəniyyətı konteksti prizmasından Azərbaycanın yerini müəyyənləşdirərək öz sözünü deyir, yazır və göstərir. Eksklüziv müsahiblər, maraqlı məqalələr, müasir trend, Azərbaycanın dünyaya və əks istiqamətdə hərəkət edən mədəni-maarif mübadiləsi, düşünürəm ki, oxuculara daim gündəmdə olmaq imkanı yaradır.
Dərginin dekabr buraxılışında həmkarlarım məndən də müsahibə aldılar. Müsahibədə Azərbaycanda yaratdığım ilk Dəqiq Mexanizmlər İstehsal edən və 2024-cü ildə Ağdamda inşasına başlayacağımız VMF Saat fabriki və həyatımda rastlaşdığım digər maraqlı məqamlar barədə danışdıq. “Nərgiz” dərgisinin peşəkar jurnalistı və redaktoru Nigar Qəhrəmanova ilə 2 saat ərzində çox maraqlı söhbət etdik. Bu zaman heç xəbərimiz olmadan, jurnalın ali zövqə malik fotoqrafı Pərviz Qasımzadə bizim təsvirlərimizi lentə almışdı.
Ümumiyyətlə, çox müasir və işini bilən peşəkar komandaya görə jurnalın Baş redaktoru Ülviyyə Mahmud və direktor Müjgan Qafarzadəyə təşəkkürümü bildirmək istəyirəm. “Nərgiz” dərgisi yuxarıda yazdıqlarımla yanaşı, eyni zamanda Azərbaycanda ANS-in təcrübəsini qoruyaraq gözəl və peşəkar kadrlar yaradır; nəticədə oxucu qazanır.
Jurnalın həm çap, həm də üç dildə elektron versiyasında mənim müsahibəmi aşağıdakı istiqamətlərdə oxuya bilərsiniz:
AZ https://nargismagazine.az/az/articles/beyond-telling-time/
RUS https://nargismagazine.az/ru/articles/beyond-telling-time/
ENG https://nargismagazine.az/en/articles/beyond-telling-time/