BLOQ

Nərimanov "nifrət"i

Bu dəfə Azərbaycan cəmiyyətinin Rəsulzadə "təəssüb"ü və Nərimanov "nifrət"indən yazıram

Nərimanov "nifrət"i
Nəriman Nərimanov
  • Oxuma müddəti:

    16 dəqiqə

  • I yazı

    Nərimanovun Naxçıvandakı parkda büstü yerinə qaytarıldı. Amma büstün hansı məqsədlə götürülməsi və yenidən qoyulmasından asılı olmayaraq bu hadisənin Azərbaycan cəmiyyətində qopardığı ehtiraslar tufanı görünür ki, hələ uzun müddət sakitləşməyəcək. Sosial şəbəkələrin ictimai fəal kəsimini az qala iki cəbhəyə parçalayan bu hadisəyə münasibətin böyüyərək tarixi-siyasi müstəvidə kəskin fikir ayrılıqları doğurması və bəzən şiddətin sağlam diskussiya həddini belə keçərək siyasi damğalar və hətta təhqirlər şəkli alması, bu qarşıdurmanın kökündə daha dərin və daha ciddi səbəblər durduğu təəssüratı yaradır.

    Müasir Azərbaycan dövlətçiliyi tarixinin sözsüz ki, görkəmli nümayəndəsi olan Nəriman Nərimanovun bir siyasi fiqur kimi nə öz sağlığında, nə ölümündən keçən az qala 100 illik bir dövrdə birmənalı qiymətləndirilməməsi sanki artıq alışmalı olunan bir məsələdir. Bu baxımdan Nərimanovun büstünün götürülməsindən narahatlıq reaksiyanın ilk olaraq məhz tanınmış ziyalılardan və alimlərdən (Vilayət Quliyev, Firdovsiyə Əhmədova, Cəmil Həsənli və d.) gəlməsi, vətəndaşların da buna dərhal münasibət bildirməsi Azərbaycan cəmiyyətinin Nərimanov şəxsiyyətinə heç də biganə qalmadığı, öz dövlət xadiminə dəyər verdiyinin yaxşı nümunəsi idi. Və görünür ki, sosial şəbəkələrdəki məhz bu aktivlik Naxçıvan Şəhər İcra hakimiyyətini bu barədə gecikmiş olsa da açıqlama verməyə, daha sonra büstü mümkün qədər tez yerinə qaytarmağa vadar etdi.

    Azərbaycan Cəmiyyətinin oxumuş, savadlı, öz yaxın keçmişinə, dövlətçilik tarixinə və bu tarixi yaradan şəxsiyyətlərinə dair maraq, bilik, sevgi, ciddi yanaşma nümayiş etdirən hissəsinin, o cümlədən gənclərin bu faktın doğurduğu fikir savaşında çılğınlıq həddində iştirakı və fəallığı da bu baxımdan müsbət qiymətləndirilməlidir.

    Bu savaşı alovlandıran daha bir qığılcım, əlbəttə ki, hazırki diskussiyaya Nərimanova əks siyasi fiqur kimi Rəsulzadə faktorunun qatılması idi ki, bu da əslində ilk növbədə tarixçiləri sevindirən bir hal olmalı idi.
    Lakin mübahisələr bir qədər səngiyəndən sonra yaranan ümumi təəssürat nədənsə heç də razılıq və məmnunluq ovqatı doğurmur. Bu tarixi şəxsiyyətlərin yaşadığı dövrü araşdıran bir tədqiqatçı kimi gəldiyim ilkin nəticələrdən bəzilərini yazımın sonunda yox, əvvəldən bildirmək istəyirəm, çünki öz müddəalarımı bu dediyim səbəblər üzərində quracağam.

    Beləliklə, çox təbii və lazımlı bir tarixi diskussiyanın arzuolunmaz istiqamət və kəskin ton almasının səbəbi bu mübahisələrə qatılan və istər Nərimanova, istərsə də Rəsulzadəyə qarşı barışmaz mövqedə duran iştirakçıların əsasən həmin dövrə və adı çəkilən şəxsiyyətlərə ilk növbədə TARİXİLİK mövqeyindən yanaşmaq baxışının və bacarığının olmamasıdır. Diskussiya iştirakçılarının Nərimanov və Rəsulzadənin siyasi fəaliyyətlərinə, söylədikləri şüarlar, verdikləri bəyanatlar, məqalə və əsərlərindən fikirlərə dair gətirdikləri ayrı-ayrı arqumentlər onların əksəriyyətinin bütün bu nümunələrin hansı şəraitdə yarandığı kimi mühüm bir məqamı nəzərə almadığını, yaxud ümumən bilmədiyini göstərir. Burada Nərimanova qarşı münasibət xüsusi qeyd olunmalıdır, belə ki, onun 1920-ci ildə Azərbaycan SSR hökumətinin başında durduğu vaxt ilk növbədə Qarabağ və Zəngəzur məsələlərinə dair verdiyi ziddiyyətli bəyanatlar və bundan sonra həmin tarixi Azərbaycan ərazilərinin taleyi son dərəcə kəskin tənqidi münasibət doğuran hallardır və həmin tarixi dövrün təfərrüatlarını məhz bilməmək səbəbindən irəli gəlir. Həmin təfərrüatlara varmadan, lakin 1920-1923-cü illər Dağlıq Qarabağ və Zəngəzur məsələsində Azərbaycan kommunist rəhbərliyinin üzləşdiyi vəziyyətin öz ordusuna malik müstəqil Cümhuriyyət hökumətindən də qat-qat ağır olduğunu vurğulamaqla, oxucuları bir daha və dönə-dönə yüzlərlə sənədlər əsasında həmin hadisələri aybaay, günbəgün tədqiq etmiş və çox ciddi nəticələr ortaya qoymuş tarixçi alimlərimiz – İsmayıl Musayev, İlqar Niftəliyev, Kamran İsmayılovun əsərlərini oxumağa çağırıram. Bu əsərlər yalnız tarix elmi üçün yox, geniş mənada bu tarixi bilməli olan sizlər üçün yazılır, niyə oxumursunuz? Bu tədqiqatların heç olmasa bir qismi ilə tanışlıq bolşevik Rusiyasının hələ Aprel işğalından çox əvvəl Azərbaycanın Qarabağ, Zəngəzur, Naxçıvan ərazilərinin taleyini həll edərək onları müəyyən məqsədlər müqabilində daşnak Ermənistanına (daha sonra Sovet Ermənistanına) verdiyini, sonradan məhz Azərbaycan kommunistlərinin Nərimanov başda olmaqla, ciddi və israrlı etirazları qarşısında, yenə də müəyyən şərtlər daxilində onlarla hesablaşmaq məcburiyyətində qalaraq Dağlıq Qarabağı və Şərqi Zəngəzuru Azərbaycan tərkibində saxladıqları kimi bir çox həqiqətləri sizlərə açıqlayar.

    Eynilə – dövrün hadisələrinə Tarixilik prizmasından yanaşmaq və bu tarixi bilmək tələbi Rəsulzadə başda olmaqla Cümhuriyyət xadimlərini İrəvanın ermənilərə güzəştə gedilməsində qınayanlara da şamil olunur.
    Nərimanov-Rəsulzadə qarşıdurması sözü gedən diskussiyanın daha mürəkkəb, sərt və kəskin hissəsi idi ki, burada müzakirələrin artıq yalnız siyasi deyil, İdeoloji müstəvidə getməsi və məhz bu səbəbdən barışmaz xarakter alması amili vurğulanmalı və ilk növbədə təbii sayılmalıdır. Bu amilə də Tarixilik, Dövrü bilmək və Anlaşıqlı Yanaşma prinsiplərini tətbiq etmək mümkündürmü? Mümkündür! Elə isə ilk olaraq Nərimanov və Rəsulzadə şəxsiyyətlərinı siyasi fiqurlar kimi yetişdirən şərtləri və meyarları nəzərdən keçirək.

    Rəsulzadədən əvvəlki nəslə mənsub olan (14 il yaş fərqi) Nərimanov ictimai fəaliyyətə öz həmnəsilləri kimi XIX əsrin son onilliklərində maarifçi olaraq başlamış, savadsızlıq, cəhalət və nadanlıq içində boğulan xalqını ayıltmaq məqsədilə qiraət evləri açmış, ədəbi əsərlər, pyeslər, məqalələr yazmış, bu xalqın ən böyük ehtiyacını – sağlamlığını – ödəmək üçün tibb sahəsində Universitet bitirmiş, həkim kimi ilk növbədə kasıb təbəqələrə xidmət etmiş, bütün bu fəaliyyəti, sadəliyi, fədakarlığı ilə müsəlman cəmiyyətində böyük nüfuz qazanmışdır. Lakin uzun və ardıcıl əmək tələb edən maarifçilik prosesinin tez bir zamanda nəzərə çarpan əməli nəticələrə gətirmədiyi qənaəti Nərimanovu bu məqsəd yolunda digər vasitələr aramağa vadar edir. Beləliklə, yaşının artıq yetkin çağında, tanınmış ictimai xadim statusunda siyasət səhnəsinə gələn Nərimanov dövrün ən populyar sosial-demokrat ideya cərəyanına üstünlük verir, onun inqilabi yönümünü seçir, bütün ədəbi-publisistik istedadını və bacarığını bu ideyaların müsəlmanlar arasında təbliğinə və ilk müsəlman inqilabi sosial-demokrat təşkilatların yaradılmasına (o cümlədən Cənubi azərbaycanlılar arasında) yönəldir, 1905-ci ildə bütün Rusiya ərazisini bürümüş və qonşu İrana da təsir etmiş inqilabi hərəkatlarda fəal iştirak edir, həbs olunur, adı çar Rusiyası siyasi idarəsinin və jandarmeriyasının təhlükəli şəxslər siyahısına salınır.

    İnqilabi-təbliğatı fəaliyyətinin müəyyən mərhələsində beynəlxalq sosial-demokratiya hərəkatında gedən prosesləri və nəzəri diskussiyaları diqqətlə izləyən Nərimanov müstəmləkəçilik siyasətinin müstəmləkə xalqlara gətirdiyi üstünlüklər (maarifçilik, mədəniyyət, yerli kadrların yetişməsi və s.) məsələsində öz xalqının, xüsusilə daha çox ünsiyyətdə olduğu kasıb və zəhmətkeş təbəqələrin maraqları baxımından II Sosialist İnternasionalının irəli sürdüyü bu tezisləri qəbul etmir. Özünün məhz müstəmləkə xalqının nümayəndəsi kimi çarizm rejimi daxilində mövcud imkanlardan faydalanaraq milli xadim kimi yetişməsi faktına rəğmən Nərimanov beynəlxalq sosial-demokratiyanın müstəmləkə xalqların inkişafı üçün təklif etdiyi təkamül yoluna deyil, “baltanı çarizmin kökünə vuran” bolşevizm ideyalarına üstünlük verir, onun sinfilik nəzəriyyəsini tam mənası ilə qəbul edir, dərd və ehtiyaclarına istər həkim, istər ictimai xadim kimi bu qədər yaxından bələd olduğu hüquqsuz, zəhmətkeş, məzlum kütlələrin əsarətdən inqilabi yolla birdəfəlik azad olmasını öz həyat amalı seçir. Məhz bu amal Nərimanovu sosialist inqilabının sənaye baxımından yüksək inkişaf etmiş ölkələrdə eyni vaxtda qalib gələ biləcəyi kimi marksist təliminə zidd, ayrıca götürülmüş, özü də geri qalmış aqrar bir ölkədə (Rusiyada) qələbəsini mümkün sayan Lenin partiyasına gətirir. Lakin bu ideologiya və onun uğrunda siyasi mübarizəni heç də inanclı leninçi bolşevik-kommunist kimi deyil, bir Şərq - müstəmləkə xalqının inqilabçı nümayəndəsi kimi qəbul edən Nərimanov onu mənsub olduğu xalqın siyasi şüur və düşüncəsinə, daha sonra həyatına yeritmək üçün yollar arayır, “Şərqə hansı inqilabi şüarlarla getməli” mövzularında siyasi publisistika nümunələri yaradır, mətbuatda, o cümlədən 1915-ci ildə nəşrə başlayan Rəsulzadənin “Açıq söz” qəzetində dövrün digər intellektualları ilə birlikdə Azərbaycan xalqının gələcək azadlığı və müxtəlif inkişaf perspektivlərini müzakirə edir.

    Və... 1917-ci ilin fevralında nə Nərimanovun daşıyıcısı olduğu bolşevizm, nə də Rəsulzadənin bölüşdüyü milli ideologiya platformalarının hər hansı təsiri olmadan, I dünya inqilabının hərbi-siyasi gedişatı və rus liberal-demokratiyasının mövqe üstünlüyü şəraitində Rusiyada çar monarxiyası devrilir. Rusiyanın müstəmləkə xalqları, o cümlədən Azərbaycan xalqının öz müqəddəratını həll etmək məsələsində müxtəlif ideoloji konsepsiyalardan çıxış edən siyasi liderlər qarşısında eyni dərəcədə böyük imkanlar açılır.
    Belə bir şəraitdə - siyasi mübarizənin yeni mərhələyə qalxdığı bir dövrdə N.Nərimanovun illərini həsr etdiyi, az qala özünün “Şərqdə kommunizm” ideya cərəyanını yaratdığı bir siyasi platformadan birdən-birə Rəsulzadənin “Azərbaycan muxtariyyəti” şüarı altında sırf milli dövlətçilik (Nərimanov üçün sinfi baxımdan “xan- bəy dövləti”) platformasına keçməsi perspektivi mümkün idimi?

    Təbii ki, Yox! Eləsə isə ölümündən 100 il sonra belə, Nərimanovu hər hansı səviyyədə tanıyıb-tanımadığından asılı olmayaraq ona bu “təklifi” verən və bu səbəbdən qınayan bu günki diskussiya iştirakçıları hansı məntiqdən çıxış edirlər?

    Əqidə adamı olmaqla Nərimanovun hətta 1918-ci ilin faciəvi mart qırğınlarından sonra da belə bir addım atacağı heç bir cəhətdən mümkün deyildi. Əksinə, Rusiyada artıq hakimiyyətə gəlmiş bolşevik hökumətinin Bakıda, daha sonra bütün Azərbaycanda Sovet hakimiyyəti qurmaq tədbirlərində hələ Nərimanova hər hansı bir rol ayrılmasa da artıq Qafqaz mətbuatında güc toplayan Şaumyan-Rəsulzadə qarşıdurmasının dərinləşərək müsəlman əhaliyə qarşı milli qırğına apardığını görən Nərimanov bu proseslərə müdaxilə etmək qərarını verir. Beləliklə, Mart qırğınları ərəfəsində Nərimanov bütün imkanları daxilində gözlənilən faciənin qarşısını almaq üçün özünün partiya nüfuzundan sona qədər istifadə etməyə, Şaumyanа və d. məsləkdaşlarına təsir göstərib onları hərbi qarşıdurmadan çəkindirməyə çalışmış, son nəticədə buna nail ola bilməmiş, özü erməni silahlılarının təcavüzü təhlükəsi ilə üzləşmiş, elə həmin günlərdə mart hadisələrinə – “vətəndaş müharibəsinin milli qırğına çevrilməsi” şəklində düzgün qiymət vermiş, bu yolla müsəlman Şərqində Sovet hakimiyyəti qurmağı yanlış bir addım saymışdır. “Sovet quruculuğu” şüarı altında ilk növbədə zəhmətkeş müsəlman kütlələrinə qarşı milli zəmində aparılan qırğınları bilavasitə Sovet Rusiyası faktoru ilə deyil, erməni bolşeviklərin məqsədyönlü əməlləri ilə izah edən Nərimanov bu qənaətində yanılmırdı. Mart hadisələrinə son qoyulmasında məhz gürcü əsilli bolşevik Caparidzenin və qırğınların əsil mahiyyətini anlamış rus hərbi birləşmələrinin (36-cı Türküstan alayı) və əsasən eserlərdən ibarət (sosialist-inqilabçılar) Xəzər Donanması dənizçilərinin həlledici rolundan Nərimanov sözsüz ki, xəbərdar idi. Bununla belə, baş verən faciələr, özünün bu hadisələrdə gücsüzlüyü, yeni yaranan Bakı Kommunasında müsəlman bolşeviklərin hər hansı fəal iştirakdan uzaqlaşdırılması və s. səbəblərdən keçirdiyi dərin ruhi və əsəb sarsıntıları onun səhhətində ciddi fəsadlar yaradır. 1918-ci ilin iyun ayında ağır vəziyyətdə xərək üstündə müalicə üçün Həştərxana aparılan Nərimanov Azərbaycana bir də iki ildən sonra, 1920-ci il mayın 16-da qayıdacaq.

    Onun Vətəndə olmadığı bu iki il isə Azərbaycan tarixində Cümhuriyyət – Müsavat – Rəsulzadə dövrü adlanacaq...

    Ardı var...