XƏBƏRLƏR / Qayıdış

Növbəti köç karvanı Xocalıya çatıb YENİLƏNİB

Sakinlərə evlərin açarları təqdim edilib

Növbəti köç karvanı Xocalıya çatıb YENİLƏNİB
  • Oxuma müddəti:

    4 dəqiqə

  • 13:52

    Bu gün növbəti köç karvanı ilə Xocalı rayonunun Ballıca kəndinə çatan ailələrə yeni mənzillərinin açarları təqdim olunub.

    21 ailə olmaqla, 119 nəfər keçmiş məcburi köçkün doğma yurduna qovuşub. Onlar böyük coşqu ilə qarşılanıblar və Ballıca kəndinin təbiət gözəlliyini seyr ediblər.

    Kənddə köçən ailələri Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsin icraçı direktoru Telman Kərimli qarşılayıb. Əvvəlcə Qarabağ müharibəsi şəhidləri və təyyarə qəzasında həlak olan vətəndaşların xatirəsi ehtiramla yad olunub. T.Kərimli keçmiş məcburi köçkünləri təbrik edərək, onlara xoşbəxt və firavan həyat arzulayıb. Sonra mənzillərin açarları ailələrə təqdim edilib.

    Xocalı sakinləri - keçmiş məcburi köçkünlər 32 ildən sonra öz vətənlərinə qayıtmalarının sevincini yaşayıb, evlərində məskunlaşıblar.

    Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

    İşğaldan azad olunmuş digər ərazilərdə olduğu kimi, Ballıca kəndində də həyat yenidən canlanır. Böyük Qayıdışla bağlı kənddə bütün infrastruktur yenidən qurulub. Kənd elektrik enerjisi, içməli su, təbii qaz və sürətli internetlə təmin olunub.

    Xatırladaq ki, Xocalı rayonunun Ballıca kəndinə ilk köç dekabrın 13-də reallaşıb. Bu mərhələdə 27 ailə olmaqla, 152 nəfər Ballıca kəndinə köçürülüb.

    ***

    Ermənistanın işğalından azad edilmiş ərazilərə qayıdanların ümumi sayı:
    Laçın - 2090 nəfər (570 ailə)
    Zabux (Laçın rayonu) - 823 nəfər (217 ailə)
    Sus (Laçın rayonu) - 215 nəfər (59 ailə)
    Füzuli - 3136 nəfər (823 ailə)
    Ağalı (Zəngilan rayonu) - 871 nəfər (175 ailə)
    Talış (Ağdərə rayonu) - 90 nəfər (20 ailə)
    Şuşa - 1388 nəfər (369 ailə)
    Xocalı (Xocalı rayonu) - 179 nəfər (46 ailə)
    Ballıca (Xocalı rayonu) - 271 nəfər (48 ailə)
    Cəbrayıl - 1169 nəfər (287 ailə)

    Cəmi: 10 232 nəfər.

    ***

    13:35

    Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Böyük Qayıdış çərçivəsində keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qayıdışı davam edir. Dekabrın 27-də növbəti köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb.

    Xocalı 32 ildən sonra doğma sakinlərini qarşılamağa davam edir. Bu gün 21 ailə olmaqla, 119 nəfər keçmiş məcburi köçkün doğma yurda qovuşub.

    Köç karvanı respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.

    ***

    11:57

    Xocalı rayonunun Ballıca kəndinə növbəti köç karvanı yola salınıb.

    Dekabrın 27-də 119 nəfərdən ibarət 21 ailənin Xocalı rayonunun Ballıca kəndinə köçürülməsi həyata keçirilib.

    Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində öz ata-baba yurdlarına qayıdan keçmiş məcburi köçkünlər 32 ildən sonra ilk dəfə olaraq hər iki bayramı doğma torpaqlarında qeyd edəcəklər.

    Ballıca kəndində bütün infrastruktur yenidən qurulub. Kənd elektrik enerjisi, içməli su, təbii qaz və sürətli internetlə təmin olunub.

    Qeyd edək ki, Ballıca kəndi 1992-ci ildə Ermənistan ordusu tərəfindən işğal edilib. Kənd 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş lokal xarakterli antiterror əməliyyatı nəticəsində azad olunub.

    Xatırladaq ki, dekabrın 13-də Ballıcaya 152 nəfərdən ibarət 27 ailə köçürülüb.