Onlar doğma yurdlarını yenidən dirçəldir VİDEOREPORTAJ
Qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsi təqdim edir
Qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsi məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işləri çərçivəsində Bəylik sakinlərinin iştirakı ilə videoçarx hazırlayıb.
Bu barədə Dövlət Komitəsinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, məcburi köçkünlər mərhələli şəkildə doğma yurda qayıdırlar:
"Laçın rayonunun Bəylik kəndi də onlardan biridir. Kənddə iqtisadi, sosial və məişət təyinatlı müxtəlif müəssisələr tikilib, kənddaxili yollar, elektrik, rabitə, su xətləri çəkilib, qaz təchizatı təmin olunub, sakinlərin rahat yaşayışı üçün işlər görülüb.
Dövlət Komitəsi tərəfindən məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işləri çərçivəsində Bəylik sakinlərinin iştirakı ilə videoçarx hazırlanıb. 30 il həsrətində olduqları doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər".