"Oppenheimer" filminin premyerası ləğv olunub
Film Hollivudda başlayan ABŞ Kinematoqrafçılar Gildiyası tətilinin ilk qurbanlarından olub
ABŞ-da bütün premyera tədbirləri aktyorların tətili səbəbindən ləğv edilib.
Kristofer Nolanın “Oppenheimer” filmi Hollivudda başlayan ABŞ Kinematoqrafçılar Gildiyası tətilinin ilk qurbanlarından olub.
Ekran əsərində əsas rolların ifaçıları olan aktyorlar Nyu-Yorkda iyulun 17-nə planlaşdırılan filmin premyerasına qatılmaqdan imtina ediblər.
Davam edən tətilə dəstək olaraq, “Oppenheimer” filminin yaradıcı heyəti əvvəlcə planlaşdırıldığı kimi Nyu-York premyerasını keçirməyəcək və bunun əvəzində ekran əsəri sadəcə nümayiş etdiriləcək. Bu barədə “Universal Studios”un rəsmi bəyanatında məlumat verilib.
Qeyd edək ki, ABŞ Kinematoqrafçılar Gildiyasının tətili Hollivudun bütün film istehsalını dayandırıb. Tətil təlimatlarına əsasən, bu müddət ərzində bütün kinostudiyalarda film istehsalı ilə məşğul olmaq qadağandır.