
13:49
Sabiq səhiyyə naziri Oqtay Şirəliyev dəfn edilib.
O, "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb.
Mərasimdə mərhumun ailə üzvləri, yaxınları, hökumət və ictimaiyyət nümayəndələri iştirak edib.
***
11:19
Xəbər verdiyimiz kimi, Azərbaycanın sabiq səhiyyə naziri Oqtay Şirəliyev ötən gün 75 yaşında dünyasını dəyişib.
Bu gün Təzəpir məscidində O.Şirəliyevlə vida mərasimi keçirilir.
Vida mərasiminə məmurlar da qatılıb.
Baş nazir Əli Əsədov, Prezidentin köməkçisi Hikmət Hacıyev, səhiyyə naziri Teymur Musayev, iqtisadiyyat naziri Mikayıl Cabbarov, TƏBİB-on icraçı direktoru Vüqar Qurbanov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Milli Məclisin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov və digər vəzifəli şəxslər mərasimdə iştirak ediblər.
Xatırladaq ki, TƏBİB də sabiq səhiyyə nazirinin vəfatı ilə bağlı məlumat yayıb.
Bildirilib ki, sabiq səhiyyə naziri Oqtay Şirəliyevlə əlaqədar 03.10.2025-ci il tarixində saat 17:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət daxil olub.
Çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən sabiq nazirin həkiməqədər ölüm faktı qeydə alınıb.
Qeyd edək ki, Oqtay Şirəliyev 1950-ci il avqustun 2-də Bakı şəhərində həkim ailəsində anadan olub.
O, Prezident İlham Əliyevin Sərəncamı ilə 2005-ci il oktyabrın 20-də səhiyyə naziri təyin olunub, 2021-ci il aprelin 23-dək bu vəzifədə çalışıb.
O. Şirəliyev 2015-ci il avqustun 12-də səhiyyənin inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif olunub.