XƏBƏRLƏR / Müttəfiq

Özbəkistan Prezidenti Sahibə Qafarova ilə görüşüb YENİLƏNİB

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi xəbər verir

Özbəkistan Prezidenti Sahibə Qafarova ilə görüşüb YENİLƏNİB
  • Oxuma müddəti:

    3 dəqiqə

  • Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistan Respublikasına işgüzar səfəri çərçivəsində bu ölkənin Prezidenti Şavkat Mirziyoyevlə görüşüb.

    Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Parlamentlərarası İttifaqın 150-ci Assambleyası çərçivəsində baş tutan görüşdə ölkələrimiz arasında münasibətlərin hazırkı yüksək səviyyəsindən məmnunluq qeyd edilərək, əlaqələrimizin inkişafında hər iki ölkənin prezidentlərinin xüsusi rolu vurğulanıb. Ali və yüksəksəviyyəli səfərlərin ölkələrimiz arasında münasibətlərin daha da inkişafında xüsusi əhəmiyyət kəsb etdiyi qeyd olunub. Bildirilib ki, bu səfərlər və sıx təmaslar iki dost və qardaş ölkə arasında münasibətlərin daha da möhkəmləndirilməsi üçün geniş imkanlar yaradır.

    Söhbət zamanı parlamentlərimizin də ölkələrimiz və xalqlarımız arasında mövcud dostluq, qardaşlıq münasibətlərinin ruhuna uyğun geniş əməkdaşlıq əlaqələrinə malik olmasından məmnunluq ifadə edilib. Bunun insanlarımız arasında təmasların daha da sıxlaşdırılması üçün vacibliyi diqqətə çatdırılıb.

    Milli Məclisin sədri Özbəkistan paytaxtının Parlamentlərarası İttifaqın 150-ci Assambleyasına yüksək səviyyədə ev sahibliyini qeyd edərək, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin dördüncü konfransı haqqında da məlumat verib.

    Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı da fikir mübadiləsi aparılıb.

    ***

    13:21

    Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşüb.

    Bu barədə Özbəkistan liderinin mətbuat xidməti xəbər verir.

    S.Qafarova Özbəkistan liderinə Prezident İlham Əliyevin salamlarını və xoş arzularını çatdırıb.

    Görüşdə Özbəkistan-Azərbaycan dostluq, strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da genişləndirilməsi və möhkəmləndirilməsinin aktual məsələləri müzakirə edilib. İqtisadi Əməkdaşlıq İli çərçivəsində birgə həyata keçirilən səmərəli iş qeyd olunub. Bildirilib ki, ticarət dövriyyəsinin həcmi artır, iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq layihələri aktiv fazadadır.

    Bundan əlavə, mütəmadi olaraq mədəni-humanitar tədbirlər keçirilir.

    Tərəflər razılaşmaların icrasına nəzarət və yüksək səviyyəli gələcək sammitlər üçün yeni təkliflərin hazırlanması məqsədilə parlamentlər xətti ilə sıx qarşılıqlı fəaliyyətin və aktiv mübadilələrin davam etdirilməsinin vacibliyini vurğulayıblar.