Özlərini heyvan kimi aparan şəxslər üzr istəyiblər
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər məhkəmədə YENİLƏNİB
18:15
Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmağa görə polis tərəfindən saxlanılan 3 Səudiyyə Ərəbistanı vətəndaşının (Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain, Alghabr Mahdi Mohammad) cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
Bu gün Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Alghabr Mohammad Hussain ifadə verib.
O, ifadəsində bildirib ki, funikulyora minmək məqsədi ilə Şəhidlər xiyabanından keçiblər: "Biz Bakıya bələdçisiz gəlmişik. Sürücümüz dedi ki, dağüstü parkda funikulyor var, ona minib bütün Bakını görə bilərik. Biz də ora gedəndə şəkillər və güllər olan yer gördük. Bilmədik ki, bura Şəhidlər xiyabanıdır. Hərəkətləri edəndən sonra iki qadın dedi ki, burada şəhidlər dəfn olunub. Əsgər salamı verib getdik. Elə bilmişdik ki, bura deyib-gülə biləcəyimiz turist məkanıdır. Biz orda təhqir etməmişik, gülləri dağıtmamışıq".
O, dövlət ittihamçısının suallarını cavablandırarkən bildirib ki, Səudiyyə Ərəbistanında belə qəbirlər olmur: "Bizdə qəbir daşları, şəkillər və hətta güllər olmur. Qəbir haqqında zarafat etmirdim. Tam səmimi dedim ki, əgər aramızdan kimsə ölsə, ona belə qəbir düzəldəcəm. Çünki xoşuma gəlmişdi. Çəkilişin məqsədi sosial şəbəkədə yaymaq və ailəmə göndərmək idi. "Snapchat"la çəkib, deyib-gülürdük. Elə ciddi məkan olduğunu bilmirdim. Şəhidlərə hörmətim sonsuzdur. Bir daha üzr istəyirəm".
Zərərçəkənin hüquqi varisi kimi tanınan Eldəniz Fərəcov ondan özünü təqsirli bilmədiyi halda niyə üzr istədiyini soruşub. Təqsirləndirilən bildirib ki, video yanlış anlaşıldığı üçün üzr istəyir.
Digər iki təqsirləndirilən də oxşar ifadə verib. Məlum olub ki, videonu Alghabr Mahdi Mohammad çəkib. O, heç bir qeyri-etik hərəkət etmədiyini deyib.
Prosesin davamında zərərçəkən kimi tanınan şəxslər ifadə verib.
Eldəniz Fərəcov Şəhidlər xiyabanında dəfn olunan qohumunun xalqın şəhidi olduğunu bildirib və özlərini təqsirli bilmədiyi üçün onları bağışlamadığını deyib.
Digər zərərçəkən də təqsirləndirilənləri bağışlamadığını deyib: “Xadimədən öyrəndim ki, bunlar qardaşımın məzarındakı gülləri dağıdıblar”.
Prosesdə şahid qismində ifadə verən, bağban Tərlan Mənsimov isə deyib ki, o, təqsirləndirilən şəxslərin məzarın qarşısında oynadığını görüb.
Digər şahidlərin iştirakının təmin edilməsi üçün proses dekabrın 4-nə təxirə salınıb.
***
16:18
Bakıda Şəhidlər xiyabanında qeyri-etik videolar çəkərək həmin videogörüntünü sosial şəbəkələrdə paylaşan Səudiyyə Ərəbistanının üç vətəndaşı məhkəmədə Azərbaycan xalqından üzr istəyiblər.
Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənlər - Alzaman Mahdi Ali, Alqhabr Mohammad Hussain, Alghabr Mahdi Mohammada hüquq və vəzifələri izah olunub.
Təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilərkən məlum olub ki, Alqhabr Mohammad Hussain Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyində tədqiqatçı vəzifəsində işləyir.
Sonra onların Azərbaycan xalqına etdiyi müraciət məhkəmədə elan olunub.
Hər üç şəxs müraciətində bildirib ki, onlar Şəhdilər xiyabanının hara olduğunu bilməyiblər:
"Azərbaycan bizim üçün dost və doğma ölkədir. Həmin yerin Azərbaycan xalqı üçün müqəddəs olduğunu bilməmişik. Buna görə də Azərbaycan xalqından, şəhid ailələrindən və qazilərdən üzr istəyirik".
Daha sonra prokuror ittiham aktını elan edib.
İttihama görə, sözügedən şəxslər bu il avqustun 16-da, saat 17:00 radələrində Şəhidlər xiyabanına gələrək bir neçə şəhidin məzarı üzərində qeyri-etik hərəkətlər ediblər.
Təqsirləndirilən şəxslər ittiham üzrə özlərini təqsirli hesab etməyiblər.
Qeyd edək ki, araşdırmalarla həmin şəxslərin bu ilin avqustun 13-də Bakıya turist kimi beşgünlük gəldikləri və Şəhidlər xiyabanında çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyənləşdirilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsi ilə cinayət işi başlanılıb. Polis əməkdaşlarının gördüyü tədbirlərlə hər üç şəxs saxlanılaraq istintaqa cəlb ediliblər.
5 dəqiqə