Pakistan səfiri Qərbi Azərbaycan İcmasını ziyarət edib
Bilal Hayee Qərbi Azərbaycanlıların geri qayıdış hüququ ilə bağlı fikir mübadiləsi aparıb
Pakistan İslam Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Bilal Hayee Qərbi Azərbaycan İcmasını ziyarət edib.
Səfir Hayee İcmanın İdarə Heyətinin sədri Əziz Ələkbərli və üzvlərlə görüş keçirərək İcmanın nizamnaməsi, strukturu və fəaliyyəti haqqında məlumat alıb.
Görüşdə İcmanın rəhbərliyi - İdarə Heyətinin (İH) sədri, millət vəkili Əziz Ələkbərli, İH sədr müavini, millət vəkili Hikmət Babaoğlu, İcmanın sözçüsü Ülviyyə Zülfiqar iştirak ediblər.
Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli dost və qardaş ölkə olan Pakistanın ölkəmizdəki səfiri Bilal Hayeeni İcmada görməkdən şad olduğunu bildirib.
İcma sədri Pakistanlı diplomata son 200 ildə Azərbaycanlıların başlarına gətirilən müsibətlər barədə danışaraq ötən əsr boyunca dörd dəfə, 1905-06, 1918-20, 1948-53 və 1987-91-ci illərdə onların öz ata-baba yurdundan, indi Ermənistan adlanan coğrafi məkandan deportasiya edilməsi, bu hadisələr zamanı soydaşlarımıza qarşı törədilmiş insanlıq əleyhinə cinayətlər barədə məlumat verib.
Həmçinin Qərbi Azərbaycanlıların geri qayıdış hüququ ilə bağl beynəlxalq miqyasda edilən müraciətlərə mötəbər təşkilatlar tərəfindən reaksiyaların gəlməsi də vurğulanıb.
"BMT İcmanın 4 sənədini – Qayıdış Konsepsiyası da daxil olmaqla öz rəsmi sənədi kimi yayıb, UNESCO və Aİ-dən İcmaya rəsmi şəxslər tərəfindən cavablar gəlib. Beynəlxalq ictimaiyyətin dəstəyinə bundan sonra da ehtiyac var".
Səfir Bilal Hayee Azərbaycanlıların yaşadığı ağrı-acıya şərik olduğunu bildirib. Bilal Hayee Pakistanın hər zaman qardaş Azərbaycanın haqlı mübarizəsində yanında olduğunu və bundan sonra da olmağa davam edəcəyini bildirib.
Səfir daha sonra İcmanın inzibati binası ilə tanış olub.