
17:20
Pakistan və Əfqanıstan Talibanı 48 saatlıq atəşkəs barədə razılığa gəlib.
Bu barədə Pakistan Xarici İşlər Nazirliyindən bildirilib.
"Talibanın tələbi və qarşılıqlı razılıq əsasında Pakistanla Əfqanıstan bu axşam saat 18:00-dan etibarən 48 saatlıq müvəqqəti atəşkəs haqqında razılığa gəlib", - Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Təhlükəsizlik mənbələri bildiriblər ki, bundan əvvəl Pakistan ordusu Əfqanıstanın Qəndəhar əyalətində Talibanın əsas dayaq məntəqələrinə dəqiq zərbələr endirib.
Mənbələrin məlumatına görə, hədəf zərbələri Talibanın 4 saylı batalyonunu və 6 saylı sərhəd briqadasını məhv edib, onlarla əfqan və əcnəbi döyüşçü həlak olub.
***
09:09
Pakistan ordusu Əfqanıstan ərazisindəki terrorçu qruplaşmaların mövqelərinə zərbə endirib.
Bu barədə ölkənin PTV dövlət televiziyası məlumat yayıb.
Məlumata görə, 14 oktyabr axşamı “Taliban” hərəkatının qüvvələri və “Fitna əl-Həvaric” qruplaşmasının silahlıları Pakistan sərhəd postlarına səbəbsiz atəş açıblar.
Pakistan ordusunun cavab əməliyyatı nəticəsində qarşı tərəfin bir sərhəd postu və tank atəş mövqeyi məhv edilib.
Toqquşmalar zamanı “Fitna əl-Həvaric” qruplaşmasının yüksək vəzifəli komandirlərindən biri zərərsizləşdirilib.