Polis Toplum TV-nin redaksiyasında axtarış aparır
Toplum TV internet nəşridir və Youtube-da yayımlanır
Bir qrup hüquq-mühafizə orqanı əməkdaşı çərşənbə günü saat 16 radələrində Toplum TV internet nəşrinin ofisinə gələrək axtarışa başlayıb. Bu barədə sosial şəbəkələrdəki xəbərlərdən məlum olub.
Bu layihənin rəhbəri, araşdırmaçı jurnalist Xədicə İsmayıl Turan-a axtarış faktını təsdiqləyib. O, redaksiyada axtarış başlayanda orada olmadığını dedi. "Xəstəyəm, təfərrüatları bilmirəm, indi redaksiyaya gedirəm" dedi.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Turan" agentliyinə təsdiqləyiblər ki, “Çemənzəminli küçəsi, 98 B və bir sıra digər ünvanlarda operativ məlumatlar əsasında tədbirlər keçirilir”.
Bu o deməkdir ki, axtarışlar başqa yerdə də aparılır.
Toplum TV in redaksiya ilə əlaqə saxlamaq cəhdlərimiz baş tutmayıb.
Toplum Tv ictimai-siyasi və sosial-iqtisadi hadisələrlə bağlı müxtəlif fikirlərin ifadə edilməsi üçün platforma təqdim edən onlayn resursdur.