XƏBƏRLƏR / Siyasət

İlham Əliyevin Frank-Valter Ştaynmayer ilə görüşü olub FOTO

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb

İlham Əliyevin Frank-Valter Ştaynmayer ilə görüşü olub FOTO
  • Oxuma müddəti:

    5 dəqiqə

  • 20:29

    Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib.

    Görüşdə “Petersberq İqlim Dialoqu”nun əhəmiyyəti və Prezident İlham Əliyevin bu tədbirdə çıxışı qeyd olunub.

    Dövlətimizin başçısı tədbirə dəvətə görə təşəkkürünü bildirib.

    Söhbət zamanı COP29-la əlaqədar Almaniya ilə Azərbaycan arasında uğurlu əməkdaşlıq və heyətlər arasında görüşlərin önəmi xüsusi vurğulanıb. COP29-la bağlı yaradılan “üçlük” mexanizminin əhəmiyyətinə toxunulub, Almaniyanın COP29-la əlaqədar Azərbaycana bundan sonra da dəstək göstərəcəyi diqqətə çatdırılıb.

    Prezident İlham Əliyev qeyd edib ki, Ermənistan ilə Azərbaycan arasında sülh gündəliyinin təşəbbüskarı məhz Azərbaycan tərəfi olub. Belə ki, sülh gündəliyinin əsasını təşkil edən fundamental prinsiplər Azərbaycan tərəfindən formalaşdırılıb və təqdim olunub. Azərbaycan tərəfi, həmçinin bunun əsasında sülh müqaviləsinin mətnini hazırlayıb.

    Dövlətimizin başçısı Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Almaniya Kansleri Olaf Şoltsun dəstəyi ilə Ermənistanın baş naziri ilə keçirilmiş görüşü, bu görüş çərçivəsində də məhz delimitasiya və demarkasiya məsələlərinin, sülh gündəliyinin irəlilədilməsinə dair müsbət müzakirələrin olduğunu qeyd edib. Prezident İlham Əliyev vurğulayıb ki, Almaniyanın xarici işlər nazirinin dəstəyi ilə Ermənistanın və Azərbaycanın xarici işlər nazirləri arasında görüş keçirildi və bu görüşdə sülh müqaviləsi üzrə əsaslı müzakirələr aparıldı.

    Söhbət zamanı sərhədlərin delimitasiyası və demarkasiyası istiqamətində iki ölkə arasında birbaşa danışıqlarda əldə edilmiş nəticələr qeyd olunub.

    Prezident İlham Əliyev Qazaxıstan tərəfinin təklifi ilə Ermənistanın və Azərbaycanın xarici işlər nazirlərinin sülh müqaviləsi üzrə danışıqları davam etdirmələri üçün növbəti görüşün Qazaxıstanda təşkil olunacağını deyib.

    Frank-Valter Ştaynmayer qeyd edib ki, Almaniya tərəfi Ermənistanla Azərbaycan arasında sülh gündəliyini yaxından dəstəkləyir və bundan sonra da dəstəkləyəcək.

    Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

    ***

    19:30

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub.

    ***

    17:26

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Berlində Almaniya Federativ Respublikasının xarici işlər naziri Annalena Berbok ilə görüşü olub.

    Annalena Berbok “Petersberq İqlim Dialoqu” çərçivəsində aparılmış müzakirələrin vacibliyini və Prezident İlham Əliyevin bu əsnada çıxışını qeyd edib. O, COP29-la əlaqədar Almaniya ilə Azərbaycanın müvafiq heyətləri arasında sıx əməkdaşlığın olduğunu və mütəmadi əsasda məsləhətləşmələrin aparıldığını müsbət hal kimi qiymətləndirib. Almaniyanın Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün bundan sonra da səylərini davam etdirəcəyini deyib.

    Azərbaycan Prezidenti COP29-la əlaqədar Almaniya ilə əməkdaşlığa və “Petersberq İqlim Dialoqu” formatındakı müzakirələrə dəvətə görə bir daha təşəkkürünü bildirib.

    Dövlətimizin başçısı qeyd edib ki, COP29-un Azərbaycanda keçirilməsi prosesi Ermənistanla Azərbaycan arasında sülh gündəliyinin tərkibi olaraq ərsəyə gəlib.

    Annalena Berbok Almaniyanın Ermənistanla Azərbaycan arasında sülh gündəliyini bundan sonra da dəstəkləyəcəyini vurğulayıb.

    Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Almaniya Kanslerinin dəstəyi ilə Ermənistanla Azərbaycan arasında keçirilmiş görüşün önəmini qeyd edib, bu görüş çərçivəsində aparılmış müzakirələrin sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə ciddi təkan verdiyini bildirib.

    Dövlətimizin başçısı Almaniya xarici işlər nazirinin dəstəyi ilə Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında sülh müqaviləsi üzrə danışıqların aparıldığını vurğulayıb, bunun sülh müqaviləsi üzrə danışıqların irəli aparılması üçün vacib addım olduğunu deyib.

    Prezident İlham Əliyev Ermənistanla Azərbaycan arasında birbaşa danışıqlar və dialoq vasitəsilə sərhədlərin delimitasiyası, hətta demarkasiyası sahəsində əldə olunmuş uğurları müsbət addım kimi qiymətləndirdi, regionda sabitliyin artıq təmin olunduğunu qeyd edib.

    Azərbaycanın sülh gündəliyinin irəli aparılması üçün səylərini bundan sonra da davam etdirəcəyini deyən Prezident İlham Əliyev ölkəmizin sülh gündəliyinə sadiq olduğunu vurğulayıb.

    Dövlətimizin başçısı Qazaxıstan tərəfinin təklifi ilə Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri səviyyəsində növbəti görüşün Qazaxıstanda keçiriləcəyini deyib.