Prokuror Meşəli qatilinə niyə cəmi 15 il cəza istədi?
Azərbaycan ictimaiyyəti və sosial şəbəkələrdə bu addım birmənalı qarşılanmayıb
Bakı Hərbi Məhkəməsində keçirilən prosesdə prokuror ittiham nitqi ilə çıxış edərək Vaqif Xaçaturyanın 15 il azadlıqdan məhrum edilməsini istəyib. Prokurorun çıxışında Meşəli soyqırımını törətməkdə təqsirləndirilənlən Vaqif Xaçaturyana 15 il cəza istəməsinin səbəbi izah edilib.
Onun ittiham olunduğu soyqırımı, sülh və müharibə əleyhinə olan cinayətlərlə bağlı cəzanın ən yuxarı həddi məhz ömürlük azadlıqdan məhrumetmə cəzasıdır. Lakin Azərbaycan Respublikasının qanunvericiliyi 65 yaşı keçən şəxslərə ömürlük həddə azadlıqdan məhrumetmə cəzası verilməsini qadağan edir. Vaqif Xaçaturyanın da yaşının 65-i keçməsi səbəbindən ona ömürlük cəza verilməsi mümkün deyil.
Azərbaycan qanunvericiliyinə əsasən, 65 yaşdan yuxarı şəxslərə ittiham olunduqları ağır cinayətlərə görə 20 il azadlıqdan məhrumetmə cəzası ən yuxarı hədd sayılır.
Lakin Vaqif Xaçaturyan bu əməlləri 1991-ci ildə törədib. Azərbaycanın 2014-cü ilə qədər qüvvədə olmuş qanunvericiliyinə əsasən, sülh və müharibə əlehinə olan cinayətlərə görə sanksiya həddi 10 ildən 15 ilə qədər azadlıqdan məhrumetmə cəzası olub.
Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalara da əsasən, şəxs hadisəni törətdiyi vaxta uyğun olan qanunvericiliyə görə cəzalanmalıdır. Yəni Vaqif Xaçaturyanın hazırkı qanunvericilikdə olan sanksiya həddində deyil, əməlin törədildiyi vaxtda mövcud olan qanunvericiliyə əsasən cəzalanması hüquqi baxımdan tələblərə uyğundur.
Bu səbəbdən prokuror çıxışında Meşəli hadisələrində təqsirli bilinən şəxsə qanunvericiliyə əsasən, ittiham olunduğu maddələr üzrə ən yuxarı həddə - 15 il azadlıqdan məhrumetmə cəzası istəyib.