XƏBƏRLƏR / Məhkəmə

Qarabağ separatçılarının məhkəməsi: Bako Saakyanın etirafı

YENİLƏNİR

Qarabağ separatçılarının məhkəməsi: Bako Saakyanın etirafı
  • Oxuma müddəti:

    8 dəqiqə

  • 15:37

    Mayın 19-də Bakı Məhkəmə Kompleksində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Bako Saakyan işğal olunmuş Azərbaycan ərazilərində Şuşanın işğalından sonrakı fəaliyyəti, hansı dəstədə xidmət etməsi, hansı komandirlərlə görüşməsi və nələri müzakirə etməsi ilə bağlı sualları cavablandırıb.

    O, 1993-cü ilin iyun ayından arxa xidmət qərərgah rəsi olduğunu deyib.

    Təqsirləndirilən şəxsin dindirilməsi zamanı nümayiş olunan videoda Bako Saakyan da görünüb. Kadrlarda stul arxasında oturan hərbçilərin sənədlər və xəritə üzərində müzakirələr aparması əksini tapıb. Videodan və B.Saakyanın ifadələrindən məlum olub ki, müzakirələr zamanı orada müxtəlif komandirlər iştirak edib.

    B.Saakyan nümayiş olunan videoda özünü, general Kristapor İvanyanı, Samvel Karapetyanı, Movses Akopyanı, Samvel Babayanı, Vitali Balasanyanı, Vaçaqan İsxanyanı və digərlərini tanıyıb.

    Bir vaxtlar Azərbaycanın işğal olunuş ərazilərində Ermənistan tərəfindən yaradılan qondarma rejimə “rəhbərlik etmiş”, hazırda isə Azərbaycana və xalqımıza qarşı çoxsaylı cinayət əməlləri törətməkdə təqsirləndirildiyi üçün Bakıda mühakimə olunan Ermənistan vətəndaşı Bako Saakyan açıq məhkəmə iclasında suveren ərazilərimizin vaxtilə Ermənistan tərəfindən işğal edilməsi üçün keçirilən hərbi əməliyyat və döyüş tapşırıqlarının hazırlanmasında və müzakirəsində iştirakını etiraf edib.

    Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikası vətəndaşlarının məhkəməsi davam etdirilir.

    ***

    15:00

    Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir.

    Bakı Məhkəmə Kompleksində davam etdirilən məhkəmə prosesində Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın 1993-cü il iyulun 23-də "Yerkrapa" terror təşkilatının üzvləri ilə görüşündə etdiyi çıxışının videosu nümayiş olunub.

    Kadrlarda Levon Ter-Petrosyan çıxışında Ermənistan silahlı qüvvələrinin Azərbaycanın suveren ərazilərinin işğalının niyyəti, həmçinin məqsədi və səbəbləri barədə danışır.

    Videomaterialda göstərilir ki, tarixi “qələbələr”i qeyd etdiklərinə görə məmnun olduğunu bildirən L.T.Petrosyan 1988-ci ilə qədər Ermənistanda 170 min azərbaycanlının olduğunu xatırladıb: “Deyirlər ki, “Qarabağ” hərəkatını başlatmağın nə mənası var idi? Bu beş il ərzində nə qədər qan töküldü, nə qədər insan həlak oldu, amma heç bir nəticəyə gəlinmədi”, - deyə bəzi şəxslər irad bildirirlər. Hətta həmin dövrdə Ermənistan hakimiyyəti... İndi isə həmin əməliyyatlarda iştirak etməyən müxalifət nümayəndələri və digər partiyalar bizim fəaliyyətimizə kölgə salmağa çalışırlar.

    Üstəlik, deyirlər ki, o vaxt erməni hərəkatı “miatsum, miatsum” deyib meydana çıxmağın nə mənası var idi? İndi də Qarabağın tanınmasından yayınırlar. Onların mövqeyi dəyişməyib. Deyirlər ki, əgər bu hərəkat 1988-ci ildə başlamasaydı da, onsuz da Sovet İttifaqı 1991-ci ildə dağılırdı və biz hər halda müstəqillik əldə edəcəydik. Amma məsələ burasındadır ki, əgər biz 1988-ci ildə fəaliyyətə başlamasaydıq, 1991-ci ildə bizim bu üçillik təcrübəmiz olmayacaqdı və nəticədə nəinki Qarabağ, heç Ermənistanın özü də bu qədər hazırlıqlı olmayacaqdı. Hətta Qarabağ olmayacaqdı”.

    Məhkəmədə təqdim olunnan videoda Ermənistanın keçmiş prezidenti deyib: “Birincisi, bu hərəkət sayəsində Ermənistan və Dağlıq Qarabağ erməni xalqının 600 ildir həll edə bilmədiyi bir problemi həll etdi. Ermənistan və Qarabağ digər xalqlardan tamamilə təmizləndi. Bu, 600 illik problemdir və erməni xalqı növbəti 600 ildə də onun əhəmiyyətini hiss edəcək. Təsəvvür edin ki, əgər bu gün Ermənistanda, 1988-ci ilə qədər burada yaşayan digər millətlərdən olan 170 min insan yaşamaqda davam etsəydi, bu gün bizim dövlətimiz olmazdı. Biz nə şimal rayonlarımızı, nə də Göyçə (Sevan) rayonunu qoruya bilməzdik.

    Unutmayın, yadınıza salım ki, Vardenis (Basarkeçər), Masis (Zəngibasar) və Amasiya bölgələrində azərbaycanlılar çoxluq təşkil edirdi və Zəngəzur bölgəsində də əhalinin böyük hissəsini təşkil edirdilər. İndi bu problem həll olunub. Bu problemi biz öz hərəkatımızla həll etdik. Bu, xalqımızın milli azadlıq mübarizəsi, erməni milli hərəkatı və onun hərbi qanadı, özünümüdafiə birləşmələrimiz və yerli Qarabağ bölmələrimizin fəaliyyəti ilə mümkün oldu. Qarabağ da həmçinin. Bu gün Qarabağın bütün ərazisi, üstəlik daha böyük bir hissə ermənilərin əlindədir”.

    Kadrlarda L.T.Petrosyan deyir: “…Yekun olaraq bir məqamı da qeyd etməyə bilmərəm: Qeyd edirəm ki, bütün qələbələrimizin tacı olaraq qüvvələrimiz dünən gecə və bu səhər Ağdama daxil olublar”.

    Qeyd edək ki, onlar Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma Dağlıq Qarabağ respublikası və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq və digər qanunsuz əməllərdə təqsirləndirilirlər.

    Xatırladaq ki, Ermənistan Respublikası və onun silahlı qüvvələri, o cümlədən Ermənistanın yaratdığı qanunsuz “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər - Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Saakyan Bako Saaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan Davit Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beglaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiriyə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.