XƏBƏRLƏR / Məhkəmə

Qarabağ separatçılarının məhkəməsi davam edib YENİLƏNİB

Ermənistan silahlı qüvvələrinin ən böyük birləşməsinin Azərbaycanın yaşayış məntəqələrinin atəşə tutulmasına dair məxfi əmri məhkəmədə tədqiq edilib

Qarabağ separatçılarının məhkəməsi davam edib YENİLƏNİB
  • Oxuma müddəti:

    5 dəqiqə

  • 19:49

    İyunun 19-da Bakı Məhkəmə Kompleksində davam etdirilən məhkəmə prosesində Ermənistan silahlı qüvvələrinin ən böyük silahlı birləşməsinin - qondarma rejimin “ordusunun qərargah rəisinin müavini” Kamo Vardanyanın imzaladığı məxfi sənəd tədqiq edilib.

    2020-ci il sentyabrın 25-də imzalanmış 0671 saylı sənəd “Rəqibin yaşayış məntəqələrinin atəşlə məhv edilməsinin qəbul edilməsi haqqında” əmr adlanır. Sənədlə, birləşmələrin və hərbi hissələrin komandirlərinə 2020-ci il sentyabrın 28-dək sənədə əlavə olunmuş siyahıda göstərilən yaşayış məntəqələrinin atəşlə məhv edilməyə qəbul olunmasının təmin edilməsi əmr edilib. Əmr edilir ki, atəş üçün mövqelər hesablansın və döyüş tətbiqinə dair sənədlər tam şəkildə tərtib olunub doldurulsun. Sənədlə əmr olunur ki, artilleriya hərbi hissələrində 40 kilometr məsafədə vura bilən raketlərlə atəş açmaq üçün konkret M-21 stansiyası ayrılsın: “Bu stansiya üçün nəzərdə tutulmuş 80 raketdən 40-ı daimi döyüş vəziyyətində maşınlarda saxlanılsın. Qalan 40 raket isə döyüş mövqeyinə çıxmazdan əvvəl yüklənsin”.

    Əmrin icrasına nəzarət “ordunun artilleriya üzrə komandirinin müavininə” tapşırılıb.

    Əmrə “atəşlə məhv edilməyə məruz qalacaq yaşayış məntəqələrinin siyahısı” da əlavə olunub. Siyahıda Azərbaycanın 70-dək yaşayış məntəqəsinin, o cümlədən Gəncə, Mingəçevir, Naftalan şəhərlərinin, Beyləqan, Ağcabədi, Yevlax, Bərdə rayonlarının və kəndlərinin adları yer alıb.

    Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi iyunun 20-də davam etdiriləcək.

     ***

    13:55

    Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Saakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası iyunun 19-da davam etdirilib.


    Bakı Məhkəmə Kompleksində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs David Manukyan Azərbaycanın vaxtilə Ermənistan tərəfindən işğal olunmuş ərazilərində mina basdırılması ilə bağlı dövlət ittihamını müdafiə edən prokurorun suallarını cavablandırıb.

    Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu olmuş, müxtəlif vəzifələr tutmuş, general-mayor ali hərbi rütbəsində xidmət etmiş Ermənistan vətəndaşı David Manukyan deyib: “Şərti dinc dövrlərdə, hərbi hissədə komandiri olduğum zaman minalarla bağlı hadisələr (mina basdırılmasını nəzərdə tutur – red.) baş verib. O qədər geniş olmasa da, baş verib. Formulyarların və xəritələrin saxlanması ilə bağlı çox aydın şəkildə təlimatlar verilib. Hər bir minalanma işindən əvvəl yuxarı komandanlıq tərəfindən əmr verilir”.

    Onun sözlərinə görə, əmrdə mina formulyarlarının, xəritələrinin, sxemlərinin neçə nüsxədə hazırlanmalı olduğu aydın şəkildə yazılıb. D.Manukyan daha sonra deyb: “Orada ünvanlar qeyd olunur ki, hansı ünvana nə göndərilsin. Biz də əmrdə qeyd olunan maddələrə əsasən fəaliyyət göstərmişik”.

    Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.