Qarabağda mülki əhaliyə birbaşa təhlükə yoxdur!
Müxalifətin etirazına məhəl qoymayan baş nazir dünənki fikrini hökumətin bugünkü toplantısında bir daha təkrarlayıb
Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağdakı mülki ermənilərin həyatına ciddi təhlükənin olmadığı barədə dünənki açıqlaması ölkə müxalifəti tərəfindən hiddətlə qarşılanıb.
Müxalifətin etirazına məhəl qoymayan baş nazir dünənki fikrini hökumətin bugünkü toplantısında bir daha təkrarlayıb.
O qeyd edib ki, Qarabağda mülki əhalinin həyatına birbaşa təhlükə olmadığı barədə dünən verdiyi bəyanat bu gün qüvvədə qalır.
“Ancaq təkrar edirəm, qeyd etmək lazımdır ki, vəziyyət hər an dəyişə bilər. Vəziyyət dəyişkəndir, sabit olduğunu deyə bilmərəm”, - Paşinyan bildirib.
Xatırladaq ki, BMT Təhlükəsizlik Şurasının dünənki iclasında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Paşinyanın yuxarıdakı fikrini - Qarabağda erməni sakinlərə qarşı birbaşa təhdidin olmadığı barədə dediklərini diqqətə çatdırıb.