Qarabağın "Çələbi" xalçası VİDEO
Şuşa Dövlət Qoruğu İdarəsinin hazırladığı videoçarxı təqdim edirik
Qarabağ tipinə aid olan qədim xovlu xalçaları yaşlı xalçaçılar "Çələbi" adlandırsalar da, həmin xalçalara çox vaxt "Çələbirt" deyirdilər. Əslində isə xalçanın adı "Çələbi"dir; sonralar xalça alıcıları və tacirlər tərəfindən təhrif olunub və Avropada xalça sənətşünasları "Çelabirt" kimi tanınıb. Bu xalçanın ilk dəfə hazırlandığı yer Bərdədən 10 km şərqdə yerləşən Çələbilər kəndi olub. "Çələbi" xalçalarının kompozisiyası və quruluşu məhz bu kənddə yaranıb və təkmilləşdirilib; daha sonra Qarabağın dağ rayonlarında, aranda və xüsusilə, XIX əsrdən Qazax əyalətində və digər xalçaçılıq məntəqələrində yayılmaqla, onlar müxtəlf adlar altında məşhurluq qazanıb.
Azərbaycanın cənub-qərbində yerləşən Qarabağ xalça məktəbi iki regionda — dağlıq və aran zonalarında inkişaf edib. Yazılı mənbələrdə ərəb tarixçiləri Əl-Müqəddəsi, Məsudi və b. tərəfindən X əsrdən başlayaraq yun və pambıq emalı ilə məşğul olan iri sənətkarlıq mərkəzi kimi adı çəkilən Qarabağın dağlıq zonasında XIX əsrdə xalça istehsalında Şuşa şəhəri və Daşbulaq, Dovşanlı, Girov, Malıbəyli, Tuğ, Hadrut, Muradxanlı, Qasımuşağı, Qubadlı, Qozağ, Mirseyid, Bağırbəyli, Xanlıq, Tutmas kəndləri əsas rol oynayırdılar. Dağlıq zonaya nisbətən xammalla, şübhəsiz ki, daha yaxşı təmin olunmuş aran rayonlarında Cəbrayıl, Ağdam, Bərdə və Füzuli xalça istehsalında əsas yer tutur. Bu mərkəzin hər birində əhalisi satış üçün intensiv şəkildə xalça toxuyan çoxlu miqdarda kəndlər mövcud olub. Öz bədii quruluşu, texnoloji xüsusiyyətləri, rəng həlli baxımından Zəngəzur və Naxçıvan xalça istehsalı mərkəzləri də Qarabağ xalça məktəbinə daxildirlər.