XƏBƏRLƏR / İctimaiyyət

Qazaxıstanda referendumda ilkin iştirak göstəriciləri

Yerli vaxtla saat 20:00-da səsvermə məntəqələri bağlanıb

Qazaxıstanda referendumda ilkin iştirak göstəriciləri
  • Oxuma müddəti:

    5 dəqiqə

  • 22:14

    Qazaxıstan Respublikasının Mərkəzi Referendum Komissiyası ölkədə atom elektrik stansiyasının (AES) tikintisi ilə bağlı səsvermədə vətəndaşların iştirakı barədə ilkin məlumatları açıqlayıb.

    Komissiyanın verdiyi məlumata istinadla xəbər verir ki, saat 20:00-dək referendumda 7 820 918 nəfər iştirak edib. Qeyd olunub ki, bu rəqəm seçicilərin ümumi sayının 63,87 faizini təşkil edir.

    Yerli vaxtla saat 20:00-da səsvermə məntəqələri bağlanıb.

    Səhər saatlarından etibarən səsvermə üçün 10 mindən çox məntəqə açılıb. Seçici siyahılarına 12 milyondan çox vətəndaş daxil edilib.

    Səsvermə prosesini 30 ölkədən 177 beynəlxalq müşahidəçi, həmçinin dörd əsas beynəlxalq təşkilatın: Müstəqil Dövlətlər Birliyi (MDB), Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT), Türk Dövlətləri Təşkilatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin müşahidə missiyaları izləyib.

    Bundan əlavə, referendumun gedişini 37 ölkədən 200 xarici media nümayəndəsi işıqlandırıb.

    Səsvermə hüququ olan vətəndaşların yarıdan çoxu prosesdə iştirak etdiyi üçün referendum baş tutmuş hesab olunur.

    ***

    16:12

    Qazaxıstanda AES tikintisi ilə bağlı keçirilən referenduma dair saat 14:00-a olan məlumata görə, səsvermədə iştirak edən ölkə vətəndaşlarının 50 faizindən çoxu seçki məntəqələrinə gəlib.

    Bunu Mərkəzi Referendum Komissiyasının üzvü Sabila Mustafina deyib.

    Onun sözlərinə görə, saat 14:00-a qədər 6 milyon 339 min 425 vətəndaş seçki bülleteni alıb ki, bu da seçki siyahılarına daxil olanların 51,77 faizini təşkil edir.

    “Respublika referendumu haqqında” Respublika Konstitusiya Qanununun 31-ci maddəsinin 2-ci bəndinə uyğun olaraq referendumda iştirak etmək hüququ olan vətəndaşların yarıdan çoxu səsvermədə iştirak etdikdə, bu referendum baş tutmuş sayılır”, - deyə Mustafina qeyd edib.

    Xatırladaq ki, oktyabrın 6-da Qazaxıstanda atom elektrik stansiyasının tikintisi ilə bağlı referendum keçirilir.

    Səsvermə prosesini 30 xarici dövləti təmsil edən 177 beynəlxalq müşahidəçi, həmçinin dörd əsas beynəlxalq təşkilatın: MDB, ŞƏT, Türk Dövlətləri Təşkilatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin müşahidə missiyaları izləyir.

    Bundan əlavə, referendumun gedişini 37 ölkədən 200 xarici media nümayəndəsi müşahidə edir.

    ***

    09:02

    Qazaxıstanda ilk atom elektrik stansiyasının (AES) tikintisinin mümkünlüyü ilə bağlı ölkə üzrə referendum başlayıb.

    Qazaxıstan vətəndaşları ya nüvə energetikasının inkişafı və ölkədə AES tikilməsi ilə razılaşmalı, ya da bu ideyadan imtina etməli olacaqlar.

    Referendumun keçirilməsi təşəbbüsü ilə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev 2023-cü ilin sentyabrında xalqa müraciətində çıxış edib. Bundan sonra il ərzində ölkənin bütün bölgələrində dövlət qurumlarının nümayəndələri ilə əhali arasında görüşlər keçirilib, AES-in tikintisi planları müzakirə edilib.

    Bu ilin oktyabrında Tokayev bildirib ki, atom elektrik stansiyası tikilərsə, ölkənin gələcək onilliklər üçün davamlı tərəqqisini təmin edəcək, enerji suverenliyini möhkəmləndirəcək və iqtisadiyyatın, elm və təhsilin müxtəlif sahələrinin inkişafına güclü təkan verəcək.

    Səsvermə yerli vaxtla saat 07:00-da başlayıb və yerli vaxtla saat 20:00-dək (Bakı vaxtı ilə saat 06:00-dan 19:00-dək) davam edəcək. Referendum səsvermə hüququ olan vətəndaşların yarıdan çoxu iştirak edərsə baş tutmuş sayılacaq. Seçki siyahılarına 12,2 milyondan çox qazaxıstanlı daxil edilib. Mərkəzi Referendum Komissiyası nəticələr haqqında məlumatı səsvermə başa çatdıqdan sonra yeddi gün ərzində dərc etməlidir.

    Referendum üçün 10 mindən çox seçki məntəqəsi açılıb. 74 məntəqə komissiyası xaricdə - 59 ölkədə fəaliyyət göstərir. Referendumun bülletenində bir sual olacaq: “Siz Qazaxıstanda atom elektrik stansiyasının tikintisi ilə razısınızmı?” Səsvermə iştirakçıları bu suala cavab verməli olacaqlar: “bəli, razıyam” və ya “xeyr, razı deyiləm”.

    Ümumilikdə 30 xarici dövləti, o cümlədən 4 əsas beynəlxalq təşkilatı - MDB, ŞƏT, Türk Dövlətləri Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəni təmsil edən 177 beynəlxalq müşahidəçi səsvermənin gedişinə və qanunvericiliyə riayət olunmasına nəzarət edir.

    Qeyd edək ki, Azərbaycan Milli Məclisinin deputatları - Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Aydın Mirzəzadə, Anar Məmmədov, Elman Nəsirov, Azər Badamov və Müşfiq Məmmədli Qazaxıstanda referendumu müşahidə edirlər.