Reportaj

Qeyri-real memorandum, mübadilə və uşaqlarla bağlı mübahisə

Rusiya və Ukrayna arasında danışıqların ikinci raundunun nəticələri

Qeyri-real memorandum, mübadilə və uşaqlarla bağlı mübahisə
  • Oxuma müddəti:

    5 dəqiqə

  • May ayında müharibə edən ölkələr arasında birbaşa dialoqun bərpasından sonra ikinci Rusiya-Ukrayna danışıqları İstanbulda keçirilib. Onların məzmunca zəif nəticələri, eləcə də atəşkəs memorandumlarının dərc olunmuş mətnləri (həm Rusiya, həm də Ukrayna) göstərir ki, müharibənin sonu tezliklə real görünmür.

    Danışıqlar bir saatdan çox davam edib və heç bir irəliləyiş gətirməyib. Onların nəticələrini üç hissəyə bölmək olar.

    1. Atəşkəs şərtləri

    Rusiya nəhayət ki, atəşkəs memorandumunun öz versiyasını Ukraynaya təhvil verib. Ondan çıxarışlar (daha doğrusu dövlət mediası üçün hazırlanmış arayış) TASS agentliyi tərəfindən dərc edilib.

    Rusiyanın Krım, DXR, LXR, Xerson və Zaporojya vilayətlərinin (Rusiya ordusunun tam nəzarət etmədiyi sərhədlər daxilində) beynəlxalq səviyyədə tanınması, Ukraynanın NATO-ya qoşulmaması və ordusunun sayının məhdudlaşdırılması tələbi gözlənilir.

    TASS nəşrinin məlumatına görə, Kreml Kiyevə 30 günlük atəşkəsə nail olmaq üçün iki yol təklif edib. Kiyev dörd mübahisəli ərazidən qoşunları çıxarmalı və ya Ukrayna Silahlı Qüvvələrinin hərəkətinə qadağa qoyulmasını (qoşunların çıxarılması istisna olmaqla), həmçinin Ukraynada demobilizasiyanın ləğvini, Qərb silahlarından imtinanı və prezident seçkilərinin keçirilməsini nəzərdə tutan “paket təklifi” ilə razılaşmalıdır.

    Bütün bu tələblər Kiyevin əldə etmək istədiyi ilə ziddiyyət təşkil edir. Ukrayna İstanbuldakı görüşdən beş gün əvvəl memorandumun öz variantını Rusiyaya təhvil verib və onu Reuters yayıb. Sənəd 22 bənddən ibarətdir və ümumilikdə o, Ukrayna hakimiyyəti tərəfindən əvvəllər irəli sürülən və Ukrayna-Aİ-nin birgə sülh planında əksini tapmış tələbləri təkrarlayır. Bu, dərhal 30 günlük atəşkəs, etibarlı təhlükəsizlik təminatları, NATO-ya daxil olma ehtimalı, Rusiyanın “yeni sərhədləri”nin tanınmaması və s.

    Ukrayna nümayəndə heyətinin rəhbəri Rustem Umerov Rusiyadan memorandumun alındığını təsdiqləyib. Onun sözlərinə görə, tərəflər sənədlərin öyrənilməsinə bir həftə vaxt ayırmaq barədə razılığa gəliblər.

    2. Əsirlərin, yaralıların və meyitlərin mübadiləsi

    Umerov bildirib ki, tərəflər bütün ağır xəstə olan hərbi əsirlərin və yaşı 25-dən aşağı olan hərbçilərin mübadiləsinə dair razılığa gəliblər. Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski bunu təsdiqləyib və bildirib ki, mübadilə ən azı 1000 nəfərə şamil olunacaq - ötən dəfə olduğu kimi.

    Ancaq növbəti mövzuda nümayəndə heyətləri rəhbərlərinin bəyanatları fərqli oldu.

    Umerovun sözlərinə görə, Rusiya və Ukrayna ölənlərin cəsədlərini - 6000-ni 6000-ə dəyişəcək. Lakin Medinski bildirib ki, humanitar səbəblərdən Ukraynaya birtərəfli qaydada 6 min əsgərin cəsədini təhvil verməyi təklif edən Rusiya olub. Və Rusiya öz əsgərlərinin cəsədlərini “(Ukraynanın) öz tərəfdən cəsədləri varsa” qəbul etməyə hazırdır.

    Çox güman ki, Medinski müharibədə azı 6000 rus əsgərinin öldüyünü etiraf etməmək üçün belə danışıb. Rusiya hakimiyyəti üçün bu həssas mövzudur: Müdafiə Nazirliyi sonuncu dəfə 2022-ci ilin sentyabrında ümumi itkilər barədə məlumat vermişdi (!) Və o zaman rəsmilər təxminən 6000 ölü sayının adını çəkmişdilər. Müstəqil hesablamalara görə, 3,5 il ərzində müharibədə ən azı 110 min rus əsgəri həlak olub.

    3. İtkin düşmüş ukraynalı uşaqların taleyi

    Danışıqların başqa bir mövzusu da uşaqlar idi. Ukrayna Rusiyaya qanunsuz deportasiya edilmiş hesab etdiyi və geri qaytarılmasını tələb etdiyi bir neçə yüz uşağın siyahısını verib.

    Medinski cavab olaraq bildirib ki, “Ukrayna hakimiyyəti uşaq oğurluğu mövzusundan mərhəmətli avropalılara qarşı şou hazırlayıb”. O, heç bir ukraynalı uşağın oğurlanmadığını, itkin düşən uşaqların yüzlərlə yox, onlarla olduğunu, Rusiyanın qohumlarını tapanda onları geri qaytardığını iddia edir. Medinskinin sözlərinə görə, Ukraynanın siyahısında 339 uşağın adı var, lakin Rusiya hər bir hadisəni araşdıracaq.
    _______________

    Umerov bildirib ki, Ukrayna nümayəndə heyəti Rusiya nümayəndə heyətinə iyunun 20-dən 30-dək yeni iclas keçirməyi təklif edib.

    Fəridə Rüstəmova

    Faridaily Teleqram Kanalı