Qırğızıstanda keçmiş prezident azadlıqdan mərhum edildi
Almazbek Atambayev əmlakı müsadirə olunaraq bütün dövlət mükafatlarından məhrum edilib

Bişkekin Pervomayski rayon məhkəməsi Qırğızıstanın sabiq prezidenti (2011-2017) Almazbek Atambayevi bir sıra cinayətlər törətməkdə təqsirli bilib və qiyabi olaraq onu 11,5 il müddətinə azadlıqdan məhrum edib.
Atambayev Çuy vilayətinin Koy-Taş kəndində qanunsuz torpaq sahələri əldə etməkdə, habelə Bişkek İES-in modernləşdirilməsi zamanı korrupsiyada və 2019-cu il 7-8 avqust tarixlərində Koy-Taş kəndində kütləvi iğtişaşlar təşkil etməkdə təqsirli bilinib.
Sabiq prezidentin həmçinin əmlakı müsadirə olunub və və bütün dövlət mükafatlarından məhrum edilib.
7 il 8 ay müddətinə azadlıqdan məhrum edilən prezident administrasiyasının sabiq rəhbəri Faril Niyazov və sabiq deputat İrina Karamuşkina (7,5 il) də daxil olmaqla, bir neçə keçmiş yüksək vəzifəli məmur da eyni cinayət işi üzrə təqsirləndirilən şəxslər arasındadır.
Qeyd edək ki, keçmiş dövlət başçısı 2020-ci ilin yayında 11 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. Daha sonra Atambayevə qarşı irəli sürülən bəzi ittihamlar götürülüb, 2022-ci ilin iyununda isə o, 2020-ci ilin oktyabrında Bişkekdə kütləvi iğtişaşların təşkilinə görə bəraət alıb.
Məhkəmənin qərarı ilə 2023-cü il fevralın 14-də 3,5 il cəzaçəkmə müəssisəsində yatdıqdan sonra azadlığa buraxılıb və respublikanı tərk edib. Sabiq prezident TASS-a müsahibəsində deyib ki, müalicə olunmaq üçün İspaniyaya getmək istəyir. O, hazırda da Qırğızıstandan kənardadır.