BLOQ

Qlobal təhlükəsizlik dövründə Azərbaycanın yeri (III hissə)

Azərbaycan nə edir?!

Qlobal təhlükəsizlik dövründə Azərbaycanın yeri (III hissə)
  • Oxuma müddəti:

    4 dəqiqə

  • Hazırda dünya nizamı dərin böhran içindədir. Mövcud qlobal təhlükəsizlik arxitekturası öz effektivliyini itirib, beynəlxalq maliyyə sistemi sanksiyalar üçün alətə çevrilib. Prosesin sonu hələ də görünmür, yeni oyun qaydalarının nə zaman bərqərar olacağı isə məlum deyil.

    Qlobal qarşıdurma tərəflərinin nüvə dövlətləri olması onlardan hər hansı birinin açıq müharibədə qələbəsini mümkünsüz edir. Bu, dünya miqyasında qeyri-müəyyənlik şəraitinin hələ xeyli müddət davam edəcəyini vəd edir. Mövcud qlobal təhlükəsizlik və idarəetmə sisteminin artıq işləmədiyi, yenisinin isə hələ formalaşmadığı bir zamanda Azərbaycanın atdığı addımlar onun geosiyasi identikliyindən irəli gəlir və rəsmi Bakının tarixi-mədəni coğrafiyamızda baş verənlərə reaksiyasıdır.

    Azərbaycan ilk gündən Cənubi Qafqaz və qonşularını bir araya gətirən 3+3 formatının iştirakçısıdır. Türkiyə ilə müttəfiqliq münasibətlərini rəsmiləşdirərək regionda dominant mövqelərə yiyələnmək istiqamətində addımlar atılır. 3+3 formatında iştirak etməyən Gürcüstanla məhz Azərbaycan və Türkiyə üçtərəfli əməkdaşlıq formatını dərinləşdirərək regional güc mərkəzinə çevrilməkdədir.

    Avropa istiqamətində artıq regional idarəetmə sisteminin yeni elementi kimi çıxış edən Avropa Siyasi Birliyi yaxın gələcəkdə ATƏT-ə alternativ ola bilər. Bu formatın öncəkindən əsas fərqi onun daxilində ABŞ və ya Rusiya kimi dominant tərəflərin olmamasıdır. Azərbaycan burada Şərqi və Cənub-Şərqi Avropa dövlətlərinin simasında özünə xeyli tərəfdaş qazanmağı bacarıb. Əgər Avropa Siyasi Birliyi də sonradan “yeni ATƏT-ə” çevrilsə, Bakı öz mövqeyini bəyan edəcək.

    Postsovet məkanına nəzər salsaq, Azərbaycan MDB-nin üzvü olaraq qalır. Bu təşkilat bir sıra üzvlərini itirməklə xeyli zəifləsə də, Bakı regional miqyasda hələ də mövcud platforma rolunu oynayan bir tribunadan özünü məhrum etmək fikrində deyil.

    Azərbaycan Mərkəzi Asiya ölkələri ilə həm ikitərəfli qaydada, həm də Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşləri, TDT, ŞƏT kimi formatlar və təşkilatlar vasitəsilə ən yüksək səviyyədə əlaqələrini dərinləşdirir. Digər Asiya dövlətlərilə münasibətlər də diqqətdən kənarda qalmır. Bakı Pakistanla yanaşı artıq Çinlə də strateji əməkdaşlıq qurur, Əfqanıstanla əlaqələr saxlayır.

    Yaxın Şərqə gəlincə, burada bölgə dövlətləri arasında uzun illərdir davam edən ədavət səbəbindən bütün regionu əhatə edən ümumi idarəetmə sistemi hələ də mövcud deyil. Buna baxmayaraq, Azərbaycan region ölkələrilə ikitərəfli əməkdaşlığı inkişaf etdirməklə yanaşı, Ərəb Dövlətləri Liqası və Körfəz Əməkdaşlıq Təşkilatı ölkələri ilə də davamlı münasibətlər qurub.

    Nəqliyyat kommunikasiyaları sahəsində Azərbaycan Şimal-Cənub, Şərq-Qərb (Orta Dəhliz) layihələri üçün vacib olan infrastrukturu fəal şəkildə formalaşdırır. Bu yolla Bakı həm qlobal, həm də regional oyunçuların diqqətini özünə çəkir, Azərbaycanı dünya miqyasındakı təchizat zəncirlərinin vacib halqasına çevirmək niyyətindədir.

    Enerji təhlükəsizliyi qlobal gərginliyin artdığı bir zamanda getdikcə daha böyük əhəmiyyət daşımağa başlayır. Belə şəraitdə Azərbaycan Avropa və Mərkəzi Asiya ölkələri hesabına öz enerji ixracının coğrafiyasını genişləndirmək, eləcə də ixracın strukturunu zənginləşdirməklə (neft-qazla yanaşı, yaşıl enerji) qlobal enerji təhlükəsizliyinə töhfələr verir.

    Beləliklə də, Azərbaycan fərqli tarixi-mədəni coğrafiyalara məxsus olmanın verdiyi imkanlardan maksimum istifadə edir. Bakı BRİCS, Qoşulmama Hərəkatı, COP və İƏT kimi dünya miqyaslı platformalar vasitəsilə BMT-dəki islahatlar, eləcə də Bretton-Vud sisteminə alternativin yaradılması kimi qlobal diskurslarda iştirak edir.

    Burada əsas məqsəd Azərbaycanın səsini dünya ictimaiyyətinə çatdırmaq, öz ətrafına daha çox tərəfdaşlar toplamaq və ən əsası - açıq qarşıdurma dövründə bütün tərəflərin Azərbaycanın təhlükəsizliyində maraqlı olmasını təmin etməkdir.

    Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin şərhi