Reportaj

Qorxmayın, ideyanız uğrunda vuruşun və qələbə çalın!

Vətənimizi Qəhrəman edən də məhz bu xüsusiyyətlərdir

Qorxmayın, ideyanız uğrunda vuruşun və qələbə çalın!
  • Oxuma müddəti:

    5 dəqiqə

  • Mən həyatım boyu idmançı olmuşam. Udmuşam, uduzmuşam… Və illərlə ciddi travma, zədə, yaralar alaraq özüm üçün Qələbə düsturu yaratmışam.

    Mənim Qələbə düsturuma görə yaranan gündən indiyədək Azərbaycanı və onun Xalqını Qəhrəman hesab etmək olar! Niyə? Ona görə ki, Qəhrəman həmişə qalib gəlir! Lakin bu yol asan olmur və bəzən hərtərəfli və ağır zərbələr nəticəsində məğlubiyyətlə rastlaşırsan. Amma hətta göz bəbəyinin ortası ilə qan axa-axa ayağa qalxıb mübarizəni davam etdirib, təslim olmayanlar mütləq Qələbə qazanırlar – Azərbaycan kimi! Və Vətənimizi Qəhrəman edən də məhz bu xüsusiyyətdir!

    Bu gün, 27 Sentyabr Azərbaycanda anım günüdür. Biz Şəhidlərimizi, Qurbanlarımızı, Qazilərimizi və Qəhrəmanlarımızı anırıq. Sözsüz ki, bu məcazi məna daşıyan bir gündür. Anmaq sözünün kökü “An” ifadəsidir və o deməkdir ki, biz Şəhidlərimizi, Qurbanlarımızı, Qazilərimizi və Qəhrəmanlarımızı hər an anırıq. Sözsüz ki, bütün Xalq Qəhrəman ola bilməz, lakin insan olmaq bizim mənəvi borcumuzdur.



    Yaxşı ki İkinci Qarabağ müharibəsindən sonra Şəhidlərimizə münasibət köklü şəkildə dəyişdi. O vaxtlar ANS-dən başqa Şəhidlərimiz haqda danışmaq, onları təbliğ etmək “dəbdə” deyildi. Xatırlayıram ki, hətta Çingizin 50 illiyi ərəfəsində Bakının 50 reklam bilbordunda müxtəlif millətlərdən olan Qəhrəmanlarımızın şəkillərini asmağa Ramiz Mehdiyev və Əli Həsənov icazə verməmişdilər. Bu gün onlar yoxdular… Amma Şəhidlərimiz yenə də var. Bu gün o məmurları heç kim xatırlamır, amma Şəhidlərimizi anırıq. 

    Hətta 2005-ci ildə İsraildə olarkən yəhudi təqviminə görə aprel ayının 27-də - israillilərin İkinci Dünya müharibəsində Holokost zamanı öldürülən altı milyon yəhudini xatırlayan milli matəm Yom Haşoahda gördüyüm ölkə üzrə 1 dəqiqəlik sükutu Azərbaycanda da tətbiq etməkdə mənə məneələr törədilirdi. 26 Fevral - Xocalı soyqırımı günü ANS vasitəsi ilə bütün xalqı, harada olmaqalrından asılı olmayaraq, dayanıb 1 dəqiqəlik sükütlə Azərbaycan Şəhidlərini anmağa çağırdıq. Xalq “hə” dedi, amma məmurlar “yox”. Tam müstəqil TV olduğumuzdan buna məhəl qoymurdum və hər il bunu edirdim və Xalq bizi dəstəkləyirdi, düz 2016-cı ilədək... Şükür Allah ki, bu gün bunu Dövlətimiz özü edir və bütün media da bunu dəstəkləyir, yoxsa çox narahat idim.


    Şəhid ailələrini, qaziləri birlikdə toplayıb tədbir keçirmək də xoşagəlməz bir hal idi, amma biz bunu da edirdik. Milli Qəhrəman Çingiz Mustafayev adına Fond o vaxtlar bir çox Şəhid ailələrinə dəstək olurdu – bir başa maliyyə dəstəkdən, onların vacib problemlərinin həllinədək! Hətta “Sənin oğlunu mən yollamışam?” kimi ifadələr eşidəndə bu kimi məmurların layiqli cavablarını verirdik!  Hər bir Şəhidə aid verilişlər çəkirdik, hərbi-vətənpərvərlik verilişi olan “Marş” proqramının hər verilişində, hər həftə bir Şəhid haqda Xalqa məlumat verilirdi, ailəsi ilə görüş keçirilirdi və bu ANS TV vasitəsi ilə Bütün dünyaya yayımlanırdı. Çox yorurduq məmurları, qəzəbləndirirdik. Amma bu gün Şükürlər olsun Allaha ki, bu cür hallar artıq yoxdur. Hamı bir yumruq kimi Xilaskarlarımıza dəstək olur, media onlar haqda verilişlər çəkir, bəstəkarlar mahnılar yazır, onları tək qoymur bir sıra acı istisnaları çıxmaq şərtiylə.

    Bu gün bu cür tədbirlər məmurlar tərəfindən də müsbət qarşılanır. Bundan yaxşı nə ola bilər… Biz də fürsətdən istifadə edib 27 Sentyabr Şəki şəhərində ziyalıları, mədəni-maarif işçilərini Birinci və İkinci Qarabağ müharibələri qazıləri ilə birlikdə “VMF Kafe”də yığıb gözəl bir tədbir keçirtdik. Hamının ürəyi dolu idi. Hamı ürəklərində olan, masalarda özləri tərəfindən gətirilən və ikram olunan şirniyyatlardan daha şirin sözləri ilə biri-birinə nəvaziş göstərirdi. İşğalçı ordusu ilə müharibəmiz həm də mədəniyyətlər savaşı idi və nə yaxşı ki, bizim mədəniyətimiz qələbə çaldı. 

    Məclisin sonunda əziz qazilərimizə Azərbaycanda ilk dəqiq mexanizmlər istehsal edən VMF Saat Fabrikinin istehsalı olan “Qələbə Vaxtı” kolleksiyasından olan saatları hədiyyə etdik. 

    Mən də sonda çıxış etdim. Son dərəcədə bütün toplaşanlardan rica etdim ki, Qazilərimizə, Qəhrəmanlarımıza dəstək olsunlar. Bu gün onların firavan yaşaması, işlə təmin edilməsi, özlərini təsbit etməsinə imkanların yaradılması Azərbaycanda Qəhrəmanlıq İnstitutunun yaşaması deməkdər.