Qəzəlin Vahidi

Bu veriliş ANS televiziyasında 19.02.2016-cı ildə çəkilib və yayımlanıb.

  • Oxuma müddəti:

    2 dəqiqə

  • Veriliş qəzəl ustadı - Əliağa Vahidə həsr edilib. O, 17 fevral 1895-ci ildə Bakı şəhərində anadan olub. Ə.Vahid mədrəsədə oxumağa başlasa da, daha sonra ehtiyac üzündən təhsilini yarımçıq qoyaraq xarratlıq etmişdir. Gənc yaşlarında Bakıdakı "Məcməüş-şüəra" ədəbi məclisində iştirak edib, Azər (İmaməliyev), Müniri və başqa  şairlərin təsiri ilə lirik şeirlər yazıb. Satirik şeirlərində ictimai nöqsanları, mövhumatı, zülm və haqsızlığı ifşa edib. Onun "Tamahın nəticəsi" adlı ilk kitabı nəşr olunur. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Vahid inqilabi təbliğat sahəsində fəal çalışıb, yeni həyatı tərənnüm edən çoxlu şeir ("Əsgər və fəhlə yoldaşlarıma", "Məktəb nə deməkdir", "Ucal, mələyim" və s.) yazmış, "Kommunist" qəzeti, "Molla Nəsrəddin" jurnalı ilə əməkdaşlıq etmişdir. Onun "Kupletlər" (1924), "Mollaxana" (1938) kitablarındakı şeirlərdə yeniliyə mane olanlar kəskin satira atəşinə tutulur. Böyük Vətən müharibəsi illərində yazdığı əsərlərdə "Döyüş qəzəlləri" (1943), "Qəzəllər" (1944) kitablarında Əliağa Vahid Vətənə məhəbbət, düşmənə nifrət, qələbəyə inam hissləri təbliğ edirdi. Füzuli ənənələrinin davamçısı olan Vahid müasir Azərbaycan ədəbiyyatında qəzəl janrının görkəmli nümayəndəsidir. Qəzəlləri poetik dilinin sadəliyi, xəlqiliyi və ahəngdarlığı ilə seçilir, xanəndələrin repertuarında mühüm yer tutur. Nizami, Xaqani, Füzuli, Nəvai və başqalarının qəzəllərini Azərbaycan dilinə tərcümə edib. O, 1 oktyabr 1965-ci ildə Bakı şəhərində vəfat edib. Əliağa Vahidin heykəli əvvəlcə Filarmoniya bağında qoyulmuş, daha sonra təmir zamanı İçərişəhərə köçürülmüş və qoyulduğu meydan Əliağa Vahid bağı adını almışdır.