BLOQ

Rusiya XİN başçısı Sergey Lavrov Bakıya nə gətirir?

"Turan" informasiya agentliyinin şərhi

Rusiya XİN başçısı Sergey Lavrov Bakıya nə gətirir?
Sergey Lavrov
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Bazar ertəsi Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıya iki günlük rəsmi səfərə gəlir. Moskva və Bakı səfərin proqramını və məqsədini açıqlamır.

    Lavrovun Azərbaycanın XİN başçısı Ceyhun Bayramov və prezident İlham Əliyev ilə danışıqlar aparacağı gözlənilir.

    Son həftələr Bakı və Moskva diplomatik səviyyədə intensiv əlaqələr saxlayırdı. Əsas mövzu Ermənistan-Azərbaycan məsələsinin nizamlanması və Avropalı müşahidəçilərin Ermənistana yerləşdirilməsi olub.

    Şişirtmədən demək olar ki, Ermənistan-Azərbaycan sərhədində Aİ missiyasının yerləşdirilməsi Moskva üçün getdikcə daha böyük əhəmiyyət kəsb edir. Moskva Yerevanın avropalıları dəvət etmək və Rusiyanın maraqları zonasında onların iştirakını təmin etmək qərarından narazılığını dəfələrlə və açıq şəkildə bildirib.

    Göründüyü qədər, Lavrovun səfəri zamanı diqqət mərkəzində məhz bu məsələlər olacaq və bəlkə də, ortaq yanaşma işlənib hazırlanacaq. Bakı da Aİ missiyasına mənfi münasibətini gizlətmir, bunu Yerevanın sərhəddə yerləşən ərazilərinin "işğalı" ilə əsaslandıraraq, süllh sazişinin imzalanmasını gecikdirmək cəhdi kimi qiymətləndirir.

    Laçın yolundakı vəziyyətin və bu vəziyyətdən mümkün çıxış yollarının da müzakirə olunacağına şübhə yoxdur.

    Yerevanın Moskvanın Aİ missiyasının Ermənistanda iştirakından narazılığını nəzərə almaqdan imtinası Azərbaycanın Laçında, Azərbaycan-Ermənistan sərhədində nəzarət-buraxılış məntəqəsi yaratması məsələsini sürətləndirə bilər. Lavrovun səfər zamanı belə bir nəzarət-buraxılış məntəqəsinin yaradılması nəzərə alınmaqla, Rusiya sülhməramlılarının rolunu və səlahiyyətlərini də müzakirə edəcəyi istisna deyil.