Rusiyanın etirazına baxmayaraq İrəvan ABŞ-la təlimə başladı
“Qartal tərəfdaşı 2023” adlı hərbi təlimlər sentyabrın 20-dək davam edəcək FOTO
Ermənistanda erməni-amerikan birgə hərbi təlimləri start götürüb.
Ermənistan müdafiə nazirliyi daha əvvəl bildirdiyi kimi, “Qartal tərəfdaşı 2023” adlı Ermənistan-ABŞ birgə hərbi təlimləri sentyabrın 20-dək davam edəcək.
ABŞ ordusunun adını açıqlamayan rəsmisinin sözlərinə görə, təlimin açılış mərasimi İrəvan yaxınlığındakı Zar təlim mərkəzində baş tutub. Təlimlərdə 85 amerikalı və 175 erməni hərbçi iştirak edir.
Bundan əvvəl ABŞ Ordusunun Avropa və Afrika Komandanlığı bildirmişdi ki, təlimlər hər iki ölkəyə “taktiki səviyyədə əlaqələr qurmağa” və sülhməramlı əməliyyatlar üçün bölmələrin “qarşılıqlı işləmə qabiliyyətini” artırmağa imkan verəcək.
Sentyabrın 6-da Ermənistan Müdafiə Nazirliyi sentyabrın 11-dən 20-dək Ermənistan ərazisində Ermənistan və ABŞ arasında birgə hərbi təlimlərin keçiriləcəyini açıqlayıb.
Xatırladaq ki, Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistan-ABŞ hərbi təlimini "qəribə" adlandırmışdı.
"İrəvanın KTMT çərçivəsində təlimlərdən imtina etməsi faktını nəzərə alsaq, Ermənistanla ABŞ arasında təlimlər qəribə görünür. NATO ölkəsinin Cənubi Qafqaza nüfuz etməyə çalışmasında yaxşı heç nə yoxdur”, - Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri deyib.