XƏBƏRLƏR / Nəqliyyat

Sabah Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılışı olacaq

Açılış mərasimində Gürcüstan, Azərbaycan və Türkiyədən rəsmi şəxsləri iştirak edəcək FOTO

Sabah Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılışı olacaq
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun iyunun 2-də rəsmi açılışı olacaq. Açılış mərasimi Axalkalaki Beynəlxalq Dəmir Yolu Stansiyasında baş tutacaq. Açılış mərasimində Gürcüstan, Azərbaycan və Türkiyədən rəsmi şəxslərin iştirakı nəzərdə tutulur.

    Qeyd edək ki, BTQ dəmir yolu 2017-ci ildən sınaq rejimində fəaliyyət göstərsə də, layihənin rəsmi istifadəyə verilməsi yalnız indi baş tutacaq.

    Magistralın ümumi uzunluğu 827 kilometrdir və bunun 213 kilometri Gürcüstan ərazisindən keçir.

    2024-cü ildə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) tərəfindən Orta Dəhlizin mühüm seqmentlərindən olan BTQ-nin imkanlarının artırılması məqsədilə xəttin Gürcüstan ərazisindən keçən 184 kilometrlik hissəsində modernləşdirmə işləri aparılıb.

    5 mərhələdən ibarət layihə 13 dəmir yolu stansiyası, 55 körpü, 8 dartı yarımstansiyası, 320 bina və süni mühəndis qurğularını (körpü, yolötürücü, keçid və s.) əhatə edib. Layihə çərçivəsində 30,3 km uzunluğunda yeni dəmir yolu xətti, təkər cütlərinin dəyişdirilməsi stansiyası, 153,1 km uzunluğunda mövcud dəmir yolunun reabilitasiya və rekonstruksiyası üzrə işlər həyata keçirilib.

    Görülmüş işlər nəticəsində BTQ-nin illik yük ötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılıb, bu xətt Çin və Mərkəzi Asiyadan Avropaya doğru daha funksional quru marşrutlardan birinə çevrilib.

    Layihənin Gürcüstan hissəsinin tikintisi Azərbaycan tərəfindən ayrılmış 775 milyon ABŞ dolları həcmində kredit hesabına maliyyələşdirilib. Kreditin layihədən əldə olunacaq gəlirlər hesabına geri qaytarılması planlaşdırılır.